“Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı layihə çərçivəsində növbəti tədbir Quba rayonunda keçirilmişdir

1 aprel 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin, xüsusilə gənclərin erkən və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı layihə çərçivəsində növbəti tədbir 1 aprel 2016-cı il tarixində Quba rayonunun Sosial İqtisad Kollecində keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva
tədbir iştirakçılarını salamlamış, erkən nikahların qarşısının alınması istiqamətində rayonda görülən işlərdən danışaraq layihənin əhəmiyyətini qeyd etmişdir.
Sonra tədbirdə iştirak edən gənclərə Komitə tərəfindən keçirilən “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Həyat pilləkanı” adlı sosial çarx nümayiş olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat
nümayiş etdirərək, erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi
fəsadlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Komitə əməkdaşı Azər İsalı erkən nikah probleminin qarşısının alınmasında mühüm rolun cəmiyyətin üzərinə düşdüyünü qeyd etmiş,  eyni zamanda  erkən nikahın  körpə və ana ölümünə, qızların təhsil imkanlarının azaldılmasına, onların cəmiyyətdən təcrid olunmasına səbəb olduğunu vurğulamışdır.

Tədbirin sonunda Quba rayon Sosial İqtisad Kolleci tələbələri arasında Komitə tərəfindən müvafiq sahədə rayon üzrə mövcud vəziyyət barədə rəyi öyrənmək məqsədilə hazırlanmış anonim anket sorğular paylanılmış və tədbir iştirakçılarının mövzular ətrafinda sualları cavablandırılmışdır.