Uşaq Forumunun açılış mərasimi keçirilib

18 noyabr 2021

Paylaş:

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra uşaqların ifasında Zəfər bədii kompozisiyası təqdim edilib.
Ardınca Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Forumun seçim mərhələlərini, hazırlıq prosesində həyata keçirilən tədbirləri özündə əks etdirən video-çarx və ardınca dövlət uşaq siyasəti haqqında film nümayiş etdirilib.
Tədbirin davamında Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Forum iştirakçılarını və qonaqları salamlayaraq, təbrikinə görə cənab Prezidentə təşəkkür edib, onun qarşıya qoyduğu bütün tapşırıqlarının ardıcıl olaraq yerinə yetiriləciyini bildirib. O, əvvəlkilərdən fərqli bir ab-havada, Zəfər sevinci, qürur və fərəh dolu hisslərlə 4 ildən sonra yenidən keçirilən bu respublika əhəmiyyətli tədbirin baş tutması münasibətilə uşaqları təbrik edib. Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusunun qəhrəman əsgərlərinə təşəkkür edib, şəhidlərin müqəddəs ruhuna rəhmət, qazilərə şəfa diləyib.
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik bazasının olduğunu və daim təkmilləşdirildiyi, qalib ölkənin övladlarının hərtərəfli inkişafı, vətənpərvər şəxsiyyət kimi formalaşması üçün hər bir şəraitin yaradıldığı vurğulanıb.
Müstəqilliyimizin və dövlətçiliyimizin xilaskarı, uşaqların sevimlisi olan ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı illərdə əsası qoyulan uşaq siyasətinin bu gün çox böyük uğurla davam etdirildiyi, həyata keçirilən bütün proqram və layihələrin uşaqların həyat səviyyəsinin yüksəldilməsinə yönəldiyi qeyd edilib.
Bahar Muradova uşaq hüquqlarının qorunması və təmini, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramları və fəaliyyət planlarının hazırlanmasında uşaqların fikirlərinin nəzərə alınması, eyni zamanda, onların əsas maraqlarının qorunması, uşaq iştirakçılığının təmin edilməsi baxımından ümumrespublika forumlarının çox vacib platformaya çevrildiyini bildirib. Ötən Forumun əsas müzakirə mövzularından birinin Ermənistanın təcavüzkar siyasəti nəticəsində hüquqları pozulmuş, öz torpaqlarından didərgin düşmüş uşaqlar, onların problemləri olduğunu vurğulayan Komitə sədri, hazırda keçmiş köçkün olan bu ailələrin öz yurd-yuvalarına qayıtması məsələsinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
Dövlət Komitəsi olaraq müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti qurumları ilə həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı mülki əhaliyə qarşı yönələn erməni terrorundan zərər çəkmiş uşaq və ailələrlə aparılan psixo-sosial işlərin davam etdirildiyi bildirilib.
“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxışında uşaq hüquqlarının təmin olunmasının ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin cəmiyyətin sosial, ictimai və mədəni inkişafı sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə daim dəstək verdiyini, xüsusi qayğıya ehtiyacı olan, həssas təbəqədən olan uşaqların həyat şəraitinin yüksəldilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. O, cəmiyyətin gələcəyi haqqında düşünən vətənpərvər gənclərin yetişdirilməsi, onlar üçün keyfiyyətli həyat standartlarının təmin olunması, uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə işinin aparılması, bu sahədə uşaqların fəal iştirakçılığının təşkili baxımından Uşaq Forumunun müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Azərbaycan uşaqları ilə birgə olmaqdan xoşbəxtlik duyduğunu söyləyən UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan, uzun məhdudiyyətlərdən sonra və Dünya Uşaq Günü ərəfəsində keçirilən bu vacib tədbir münasibətilə hər kəsi təbrik edib. Azərbaycan hökumətinin uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən xanım Yuan, bu gün uşaqlara yatırılan sərmayənin Azərbaycanın gələcəyinə yatırılan sərmayə olduğunu vurğulayıb. O, həm Azərbaycanda, həm də bütün dünyada uşaqların potensialının inkişaf etdirilməsi, hər bir uşaq üçün daha yaxşı gələcəyin təmin olunması istiqamətində səyləri birləşdirməyin vacibliyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, təhsil naziri Emin Əmrullayev, səhiyyə nazirinin müavini Rahim Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov, gənclər və idman nazirinin müavini İntiqam Babayev uşaqların müxtəlif mövzularda olan suallarını cavablandırıblar. Tədbir diskussiya ilə davam edib.
Müzakirələr bitdikdən sonra Azərbaycan uşaqları adından Prezident cənab İlham Əliyevə hörmət, ehtiram və minnətdarlıq duyğularını ifadə etmək məqsədilə təqdim ediləcək “Xarıbülbül” rəsm kompozisiyasının hazırlanma prosesinin video-çarxı nümayiş etdirilib. Kompozisiyanın müəllifi respublikanın müxtəlif regionlarından olan uşaqlar və Dövlət Rəssamlıq Akademiyasının əməkdaşı, rəssam Nadir Cəfərovdur.
Forumun davamında Türkiyə Cümhuriyyətində keçirilən 22-ci Ulusal Çocuk Forumu iştirakçıları ilə virtual-körpü yaradılmaqla uşaqlar ürək sözlərini və təbriklərini qardaş ölkənin uşaqlarına çatdırıblar.