Zərifə xanım Əliyevanın 93-cü ildönümü münasibətilə məktəblilər arasında təşkil edilən “Qələbəyə doğru” intellektual oyunun regional seçim turlarına start verilib.

29 mart 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar məktəblilər arasında intellektual yarış keçirir.

29 mart 2016-cı il tarixində Yevlax şəhərində keçirilən regional seçim turunda Yevlax, Mingəçevir şəhərləri, Ağcabədi, Ağdam, Ağdaş, Bərdə, Tərtər, Zərdab, Ucar, Naftalan və Göyçay rayonlarını təmsil edən komandalar iştirak edib.
Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayıb.
Çıxış edənlər görkəmli oftalmoloq alimin zəngin və mənalı ömür yolundan, pedaqoji, həkimlik və elmi fəaliyyətindən danışıblar. Bildirilib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq.
Rəsmi hissədən sonra intellektual yarışa start verilib. Maraqlı mübarizə şəraitində keçən yarışda Bərdə komandası daha yüksək bilik nümayiş etdirərək qalib gəlib.
Qeyd edək ki, şəhər və rayonları təmsil edən komandaların iştirakı ilə intellektual yarışın seçim turları respublikanın 9 regionunda keçiriləcək. Yekunda seçim turlarında qalib olmuş komandaların Bakı şəhərində final yarışı təşkil ediləcək. Hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 nəfər məktəbli iştirak edəcək. Final yarışında I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.