Qadın Resurs Mərkəzlərinin üzvləri “KOB Fest”-də iştirak edirlər

25 aprel 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın Resurs Mərkəzləri 25 Aprel - Sahibkarlar Günü münasibəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi “KOB Fest” sərgi-satış yarmarkasında uğurla iştirak edir.

Yarmarkada Komitənin BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə icra etdiyi və USAID-in maliyyələşdirdiyi "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsinin 6 biznes qalibi iştirak edir.

İçərişəhər, Qoşa Qala meydanında təşkil olunan sərgidə Masallı, Xaçmaz və Zaqatala Qadın Resurs Mərkəzlərinin üzvü olan qadın sahibkarlar öz əl işlərini təqdim edir və məhsullarının satışını həyata keçirirlər.

Qeyd edək ki, 26 aprel tarixində yekunlaşacaq “KOB Fest” yarmarkasında 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu təqdim olunur.