"Mediada gender bərabərliyi və peşəkarlıq" mövzusunda təlim keçirilir

2 iyun 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 2 günlük təlim təşkil olunub.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimi giriş sözü ilə açaraq Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır: “Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı xüsusilə həssas olmalıdırlar”.

Sədr müavini diqqətə çatdırıb ki, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar. Eyni zamanda, jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli çıxış edərək bu cür təlimlərin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşması mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi deməkdir. “Belə təlimlər və fikir mübadilələri peşəkar vərdişlərin möhkəmləndirilməsi üçün əhəmiyyət daşıyır. Bizim üçün əsas məsələ mediada gender əsaslı təfəkkürün formalaşdırılmasıdır”.

Daha sonra Türkiyə Respublikası ilə telekörpü yaradılıb, Qadının Statusu Genel Müdürlüğünün eksperti Vesile Kılıç “Mediada qadın təmsilçiliyi” mövzusunda çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Gender bərabərliyi və cinsi ayrı-seçkilik”, media eksperti Aynur Bəşirli “Gender stereotipləri” mövzularında təqdimatla çıxış ediblər.