İsmayıllıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş qızlar arasında şahmat turniri keçirilib

12 avqust 2022

Paylaş:

12 avqust 2022-ci il tarixində İsmayıllıda Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş qızlar arasında şahmat turniri keçirilib.
Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 150 şahmatçının iştirakı ilə baş tutan turnir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, “Ümidli Gələcək” İB-nin birgə təşkilatçılığı və UNİCEF-in dəstəyi ilə İsmayıllı Olimpiya İdman Kompleksində təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən İsmayıllı rayon icra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova iştirakçılara uğurlar arzu edib və bu turnirdə iştirak edən qızların gələcəkdə ölkəmizi beynəlxalq arenada layiqli tanıdacaqlarına əminliyini ifadə edib. O bildirib ki, gələcəkdə zəka tələb edən bu idman növü gənclərimizin formalaşmasında, bir vətəndaş kimi yetişməsində böyük rolu oynayacaq.
Daha sonra Dövlət Komitəsinin sədr müavini, Azərbaycanın beynəlxalq qrossmeysteri Aynur Sofiyeva təşkilatçıları və iştirakçıları salamlayaraq, şahmat turnirin təşkilində əməyi keçən hər kəsə Komitə adından minnətdarlığını bildirib. Layihəyə UNİCEF-in də qoşulmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, qızlar arasında şahmat oyununun təşkilinin sevindirici hal olduğunu və güclü, fəal, qabiliyyətli, özünəinamlı qadınların formalaşmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edib. O bildirib ki, əsas məsələ cəmiyyətimizə mesajdır, valideynlər də bu istiqamətdə övladlarına dəstək olmalıdır. Çıxışının sonunda üzünü iştirakçılara tutan A. Sofiyeva güc, iradə, və inam kimi keyfiyyətlərin bu turnirdə iştirak edən qızların hər birində olduğunu vurğulayaraq, onlara uğurlar arzu edib.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin müavini Vilyam Abi Abdallah da tədbirin əhəmiyyətini xüsusi qeyd edərək, BMT-nin Uşaq Fondunun layihəni dəstəklədiyini diqqətə çatdırıb.
Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, Azərbaycan Şahmat Federasiyasının qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayıb. O, Federasiyanın sosial komissiyasının üzvü olaraq bu gün turnirdə iştirak edən qızlarla həvəslə işləməkdən zövq aldığını qeyd edib və iştirakçılara müraciət edərək, növbəti illərdə də təşkil ediləcək şahmat turnirlərinə yenidən qatılmalarını tövsiyə edib.
Şahmat turniri Azərbaycanın beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova tərəfindən ustad dərsləri ilə davam edib.
Qeyd edək ki, layihə qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunması, qızların analitik düşünmə qabiliyyətinin daha da inkişaf etdirilməsi, onların oyun təcrübələrinin artırılması məqsədi daşımaqla bu istiqamətdə dövlət siyasətinin daha da gücləndirilməsinə xidmət edir.