Beynəlxalq Qızlar Günü münasibətilə fəal qızların Bahar Muradova ilə görüşü keçiriləcək

7 oktyabr 2022

Paylaş:

11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın fəal qızlarla görüşü keçiriləcək.

Görüş 7 oktyabr 2022-ci il tarixində 10:30-da Hökumət evində (Üzeyir Hacıbəyli küç. 80, Hökumət evi, 4-cü alaqapı, 2-ci mərtəbə) baş tutacaq.

Görüşdə həssas əhali qruplarından olan (şəhid övladları, əlilliyi olan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsil alan) qızlar da daxil olmaqla, ümumilikdə 13-17 yaş arası 22 nəfər iştirak edəcək. Görüş zamanı iştirakçıları maraqlandıran mövzular barədə müzakirə aparılacaq.

Qeyd edək ki, kampaniya Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilir. Qızların erkən yaşlardan səlahiyyətləndirilməsi, onların özünəinam hissinin və ictimai fəallığının artırılması, eləcə də liderlik bacarıqlarının inkişafına xidmət edən kampaniyanın məqsədi, cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.