Bu gün görkəmli alim, ictimai xadim Zəhra xanım Quliyevanın anadan olmasından 100 il ötür

18 yanvar 2023

Paylaş:

Bu gün Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, tibb elmləri doktoru, professor, parlaq şəxsiyyət və əsil vətəndaş mövqeyi ilə seçilən görkəmli alim, ictimai xadim Zəhra xanım Quliyevanın anadan olmasından 100 il ötür.

82 illik ömrü boyu insanların gözlərinə nur bəxş edən, dünya oftalmologiya elmində öz dəst-xətti, fikri və sözü olan, Azərbaycanda qadın hərəkatının öncüllərindən biri imicini qazanan bu xanımın işıqlı xatirəsi hər kəs tərəfindən yad edilir.

Gənc yaşlarından Respublikanın ictimai-mədəni həyatında fəal iştirak edən, dəfələrlə SSRİ Ali Sovetinin, rayon və Bakı şəhər sovetlərinin deputatı seçilmiş, eyni zamanda Azərbaycan qadınlarının təşkilatlanmasında xüsusi xidmətləri olan, müxtəlif beynəlxalq cəmiyyətlərin və şuraların üzvü olan Zəhra xanım, dünyanın bir çox ölkələrində keçirilmiş qadın qurultaylarında, elmi simpoziumlarda, beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını layiqincə təmsil etmiş, öz çıxışlarında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır.

Məhz səmərəli fəaliyyətinin nəticəsi idi ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixində imzaladığı Fərman ilə yaradılmış Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Zəhra Quliyeva təyin edilmişdi. Bu, böyük fədakarlıq tələb edən təyinatla Z.Quliyeva bütün fikrini ölkədə qadın məsələlərinin dövlət səviyyəsində həllinə yönəltmişdir. Ümummilli Lider Zəhra xanımın işgüzar fəaliyyətini yüksək qiymətləndirərək, və bu işin öhdəsindən layiqincə gələcəyinə əminlik ifadə edərək onu belə məsul bir vəzifəyə təyin etmişdi.

Zəhra xanım təkcə öz övladlarına deyil, minlərlə insana qayğı ilə yanaşmış, onların dərdlərinə şərik olmuşdur. Hamı onu ziyalı, vətənpərvər, mədəni, qayğıkeş, xeyirxah, humanist, gözəl qadın kimi tanıyır. Zəhra Quliyeva mənalı ömür yaşayaraq, özündən sonra nümunə olacaq bir ziyalı alim ömrü qoyub getmişdir.

Görkəmli alimin humanistliyi, insanpərvərliyi, qəlbinin gözəlliyi sanki üzünə vurmuşdu. O, yorulmaq bilmədən ən ucqar kəndlərə belə gedir, ağır vəziyyətdə olan xəstələri müalicə edirdi. Gözləmirdi ki, xəstə insanlar gəlib onu tapsınlar, o özü təşəbbüs göstərərək, həmin insanların vəziyyətini göz önünə gətirərək onları axtarıb tapır, müalicələrinə çalışırdı.

Zəhra Quliyeva 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtiraların müəllifidir. Zəhra xanım səmərəli fəaliyyətinə və əhəmiyyətli xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", Azərbaycan Respublikasının "Şöhrət" ordenləri və medallarla təltif edilmiş, əməkdar elm xadimi adına layiq görülmüşdür.

O, 2005-ci il noyabrın 28-də vəfat etmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən Zəhra xanım hər bir dövr üçün nümunə olacaq bir həyat yaşamış, insanlar arasında tükənməz məhəbbət, böyük hörmət qazanmışdır.

Bu gün hər kəs Zəhra xanımı böyük hörmət və ehtiramla xatırlayır.