Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş intellektual yarışın regional seçim turlarına start verilmişdir

30 aprel 2015

Paylaş:

Aprelin 28-i Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik,  oftalmoloq alim, fədakar ana Zərifə xanım Əliyevanın doğum günüdür. İnsanlara  təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli  ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında daim yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Bu il də Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş respublika üzrə intellektual yarış keçiriləcəkdir. Bu məqsədlə 7 regionda 52 şəhər və rayonu təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçiriləcək. İlk regional seçim turu 6 aprel 2015-ci ildə Ağcabədi rayonunda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Füzuli, Yevlax, Zərdab rayonlarını təmsil edən komandaların iştirakı, 7 apreldə isə Samux rayonunda Gəncə şəhəri və Samux, Tovuz, Gədəbəy, Ağstafa, Naftalan, Xocalı, Daşkəsən, Goranboy, Şəmkir, Göygöl rayonlarını təmsil edən komandaların iştirakı ilə keçirilmişdir. Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlanmış, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev çıxış edərək Zərifə xanım Əliyeva haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Rəsmi hissədən sonra yarışa start verilmişdir.Regional seçim turlarında Bərdə və Tovuz rayonlarını təmsil edən komandalar fərqlənərək 28 aprel 2015-ci il tarixində Bakı şəhərində (Bakı şəhəri rayonları da daxil olmaqla) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə təşkil ediləcək final yarışında iştirak hüququ əldə etmişlər. Hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud uşaq olmaqla) məktəbli iştirak edir.Final yarışda I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Qeyd edək ki, regional seçim turları davam etdirilir.