“Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin dinlənilməsi başlayıb

23 yanvar 2023

Paylaş:

Azərbaycan Hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin dinlənilməsi başlayıb

23 yanvar 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən 92-ci sessiyasında Azərbaycan Hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin ilk raundu keçirilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Azərbaycan Hökuməti adından, BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəni təqdim etməkdən məmnunluq duyduğunu ifadə edib.

Hesabatın müvafiq qurumlar tərəfindən verilmiş məlumatlar əsasında hazırlandığını qeyd edən Sədr, eyni zamanda uşaq hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb.

Uşaq hüquqlarının qorunmasına birbaşa və dolayı olaraq təsir edən, milli qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması məqsədilə qəbul edilmiş yeni normativ hüquqi aktlara diqqət çəkən Komitə sədri bildirib ki, burada uşaqların təhlükəsizliyi, qida və sağlamlığının qorunması, həssas qruplardan olan uşaqların təhsil imkanlarının və sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri əsas götürülmüşdür.

Bildirilib ki, 2020-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Tədbirlər Planı Uşaq hüquqları Komitəsinin verdiyi tövsiyələrə və Avropa Şurasının Uşaq Hüquqları üzrə Strategiyasına uyğun hazırlanmışdır.

Hesabat dövrü ərzində institusional mexanizmlərin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan B.Muradova, hazırda ölkə üzrə 12 Uşaq və Ailələrə Dəstək Mərkəzinin 18 regionda isə Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Vurğulanıb ki, qarşıdakı dövrdə belə Mərkəzlərin sayının artırılacağı, xüsusilə işğaldan azad olunan ərazilərdə də yeni binaların tikilməsi planlaşdırılır.

Ölkədə əlliyi müəyyən edilən uşaqların ümumi uşaq sayının təqribən 1,9%-ni təşkil etdiyini qeyd edən sədr, təkcə 2021 ci il ərzində “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin ölkə üzrə 62 rayonu və 6200 sağlamlıq imkanları məhdud uşağı əhatə etdiyini bildirib: “İnklüziv təhsillə bağlı dövlət proqramı qəbul edilmiş, ötən tədris ilində 12 məktəbdə belə siniflər yaradılmışdır. Lakin inkluziv təhsil sahəsində bütün uşaq bağçaları və məktəblərdə müyəssərliyin tam təmini, əlavə psixoloq, sosial işçi və sosial pedaqoq ştatlarının müəyyən olunması məsələləri də müzakirə edilməkdədir”.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”ndan irəli gələrək həyatın bütün sahələrində uşaqların zorakılıqdan effektiv müdafiəsi üçün qanuncvericilik bazasına yenidən baxılması üzərində işlər aparılır. “Xüsusilə zorakılıq və cismani cəzalarla mübarizə sahəsində həyata keçirilən “Məktəblinin dostu” layihəsi məktəblərdə təhlükəsiz mühitin yaradılması, bullinqlə mübarizədə uğurlu olmuşdur”- deyə sədr əlavə edib.

Uşaqlar arasında intihar hallarının baş verməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluq tərəfindən Fəaliyyət Planının hazırlandığını və İşçi qrupun yaradıldığını qeyd edən Bahar Muradova əlavə edib ki, bununla yanaşı baş vermiş intihar hallarının səbəblərini araşdıran təhlilin nəticəsi olaraq “məlumatlandırıcı vəsait” hazırlanmışdır.

Uşaqlarla işləyən sosial işçi və psixoloqların bacarıqlarının artırılması məsələsinin daim diqqətdə saxlanıldığını vurğulayan Komitə sədri, xüsusilə pandemiya və post pandemiya dövründə “Məktəb psixoloqu” layihəsi çərçivəsində 2500 psixoloqa təlimlərin keçirildiyini əlavə edib: “Bununla belə hesab edirik ki, regionlarımızda psixoloq və sosial işçilərin sayının, eləcə də bilik və bacarıqlarının artırılmasına ehtiyac vardır. Biz, bu çərçivədə xüsusilə cinsi zorakılığa məruz qalmış uşaqlarla çalışan klinik psixolq və sosial işçilərin sayının artırılmasına və keyfiyyətli xidmətlər göstərməsinə yönəlik proqramların hazırlanması və dəstəklənməsini planlaşdırırıq”.

Bahar Muradova bildirib ki, bu günlərdə ölkə Prezidenti tərəfindən həssas qruplara növbəti dəstəyi özündə birləşdirən yeni sosial islahat paketi qəbul edilib. O, qeyd edib ki, burada xüsusilə uşağın anadan olmasına görə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və çoxuşaqlı analara verilən müavinətlər, həmçinin əlilliyi olan şəxslərə verilən müavinətlər artırılmışdır.

Yuvenal Ədliyyə sisteminin təkmilləşdirilməsinin ölkəmiz üçün vacib istiqamətlərdən biri olduğunu vurğulayan sədr, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin beynəlxalq normalara əsas etibarilə uyğun gəldiyini diqqətə çatdırıb: “Azərbaycanda hər il baş verən cinayətlərin 5%-ni yetkinlik yaşına çatmayanlar törədir. Bu şəxslərin bir qismi cinayət məsuliyyətə, bir qismi isə reabilitasiya tədbirlərinə cəlb olunur. Cinayət törətmiş uşaqların sayı ötən illərlə müqayisədə qismən azalmışdır”.

Komitə sədri qeyd edib ki, ölkədə uşaqların müraciət edə biləcəyi 7 qaynar və dəstək xəttinin və Qanunla ziddiyyətdə olan uşaqlar üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi fəaliyyət göstərir: “Bununla belə biz hesab edirik ki, yetkinlik yaşına çatmayanların hüquqlarının ədalət mühakiməsi prosesində tam təminatında müsbət nəticələrlə yanaşı, problemli məsələlərə kompleks yanaşmanın tətbiqinə ehtiyac vardır”.

Ermənistan və Azərbaycan arasında 44 günlük Vətən Müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını və işğal olunmuş ərazilərimizin azad edildiyini qeyd edən Bahar Muradova vurğulayıb ki, müharibə dövründə Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq Konvensiyalarla öz üzərinə götürdüyü öhdəliklərə sadiq qalmış, heç bir halda uşaqların silahlı münaqişələrə cəlb edilməsinə yol verilməmişdir. “Həmçinin, Cenevrə Konvensiyalarına uyğun olaraq, qarşı tərəfin mülki əhalisinin, xüsusilə uşaq və qadınların təhlükəsizliyi tam təmin edilmiş, onlara qarşı hər hansı zorakılıq hərəkətləri baş verməmişdir”-deyə əlavə edib.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanmasının genişmiqyaslı bərpa-quruculuq işlərinə mane olduğunu diqqətə çatdıran Komitə sədri qeyd edib ki, minalanma həmçinin bu ərazilərdə fəaliyyət göstərən və yeni köçürülmüş mülki əhalinin, o cümlədən uşaqların və növbəti mərhələlərdə məcburi köçkünlərin geri qayıtmasına və burada yaşamasına ciddi təhlükə yaradır.

Bütün uşaqların sevgi və qarşılıqlı anlayış mühitində böyüməsinin və fərdi potensialını reallaşdıra bilməsi üçün görüləcək işlərin kifayət qədər olduğunu vurğulayan Komitə sədri, birgə bu çətinliklərin və problemlərin öhdəsindən uğurla gələcəyimizə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının regionda sülh və stabilliyə töhfə vermək istəyən müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BMT qurumları ilə birgə səmərəli əməkdaşlığa və açıq dialoqa hazır olduğunu qeyd edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin ekspertlərinin sualları (1-6-cı klasterlər üzrə) Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb.

BMT-nin Uşaq hüquqları Komitəsinin Cenevrə şəhərində baş tutan 92-ci sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın açılış nitqi (ingiliscə)

BMT-nin Uşaq hüquqları Komitəsinin Cenevrə şəhərində baş tutan 92-ci sessiyasında Azərbaycan Höküməti adından təqdim edilən məruzə ilə bağlı təqdimat (ingiliscə)