Niftəliyevlər ailəsi: “Ailə sahibi olmaq böyük məsuliyyətdir. Bu məsuliyyəti götürmək üçün özünəinamlı, məqsədli olmaq lazımdır”

2 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı Niftəliyevlər ailəsidir. Xaçmaz rayonundan Ədalət Niftəliyev və Quba rayonundan Sevinc Niftəliyeva Azərbaycan Texniki Universitetinin məzunudurlar. Artıq 35 ildir ki, ailəlidirlər və onların 2 övladı var. Ailənin başçısı Ədalət Niftəliyev ixtisasca mühəndisdir və bir çox dövlət qurumlarında çalışıb.

Niftəliyevlər uzun illərdir ailə ilə bağlı bütün qayğıları birgə həll etdikləri kimi, kiçik bizneslərində də bir-birlərinə dəstəkdirlər. Onlar, 20 ildən çoxdur ki, sağlam qida istehsalı sektorunda vegetarian süd məhsulları hazırlanması ilə məşğul olurlar. Belə qida məhsullarının istehsalına maraq isə, həyat tərzlərini dəyişib, vegetarian qidalanmanı seçdikdən sonra yaranıb. 30 il öncə bu seçimi edən Niftəliyevlər, öz istifadələri üçün süd məhsullarının istehsalına başlayır və artıq 5 ildir ki, bu işi biznesə çevirə biliblər.

 

Niftəliyevlər ailəsi ilə apardığımız maraqlı müsahibəni diqqətinizə təqdim edirik.

 

  • Hörmətli Sevinc xanım və Ədalət müəllim, bilirsiniz ki, “Ailələrimizi tanıyaq” layihəsinin əsas məqsədi ailə dəyərlərinin möhkəmləndirilməsinə dəstək vermək, nümunəvi ailələri ictimaiyyətə tanıtmaqdır. Bu məqsədlə layihənin bu dəfəki qonağı olaraq sizin ailəni seçdik. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. İstərdik 35 illik ailə həyatınızın necə başladığı, ailə qurarkən nələrə diqqət etdiyiniz barədə danışasınız.

 

Ədalət N. – İlk olaraq, belə maraqlı və əhəmiyyətli layihədə qonaq qismində bizi dəvət etdiyiniz üçün təşəkkür edirik. Danışmalı söz çoxdur. Biz Sevinclə atalarımızın məsləhəti ilə tanış olmuşuq. Atalarımız tələbə yoldaşı olublar. Ailələrimiz təhsilə böyük önəm veriblər. Hər birimizin ailəsində 5 uşaq olub və onlar hər biri ali təhsillidirlər. Mənim əmimin 5000 ədədlik kitabxanası var idi və bəxtim gətirmişdi ki, uşaq vaxtımdan o kitabları oxuya bilmişdim. Atam əlavə şeylərə xərc çəkmədi ki, övladlarımı oxudum.

64 yaşım var və bu günə kimi qazandığım bütün nailiyyətlərimdə oxuduğum kitabların, aldığım təhsilin böyük rolu olduğunu düşünürəm. Ümumiyyətlə, mənim fikrimcə valideynlərin əsas borcu, öhdəliyi övladlarına təhsil vermək, onları bilikli şəkildə yetişdirməkdir. Sevinclə ailə qurarkən də dünya görüşümə əsaslanaraq, əqidələrimizin uyğun gəlməsinin vacibliyini düşündüm. Ümumiyyətlə, həyatda, ətrafımızda əqidəmizin uyğun olduğu insanların mövcudluğu böyük önəm daşıyır.

Sevinc N. – 1988-ci ildə ailə həyatı qurmuşuq. Əlbəttəki çətinliklər də olub. Biz bir-birimizi hər zaman anlamağa çalışmışıq. Bir-birimizə dəstək olmuşuq. 2 övladımız var. Hər ikisi ali təhsillidir və çalışırlar: qızımız ingilis dili müəlliməsi, oğlumuz isə memardır.

 

Ailələrdə yaranan problemlər və uşaqların tərbiyə olunması ilə bağlı fikirləriniz nələrdir?

Ədalət N. – Bəli bu gün Azərbaycan ailələrində problemlər var. Bunun əsas səbəblərindən biri də, bayaq qeyd etdiyim kimi insanların məlumatsız olmaları və məsələlərə qeyri-ciddi yanaşmalarıdır. İnsanlarda məsuliyyət olmalıdır. Ailəyə sahib çıxmalıdırlar. Hər xırda söz-söhbət üstündə ailə dağıtmazlar. Düşünürəm, gənc ailələr üçün müxtəlif təlimlərin keçirilməsinə ehtiyac vardır.

Hər bir ailə istəyir ki, övladı xoşbəxt, məmnun olsun. Valideyn övladının xoşbəxtliyini görən zaman özü də xoşbəxt olur.

Bu gün məni narahat edən məqamlardan biri də erkən nikahların mövcudluğudur. Bu məsələ mənəvi cəhətdən bir çox problemlər yaradır. İnsanlar erkən yaşda qətiyyən ailə qurmamalıdırlar. Elə bir dövrdə yaşayırıq ki, ailənin məsuliyyətini tam şəkildə dərk etdikdən, təhsil aldıqdan, iş həyatına atıldıqdan, loru dildə desək bərkə-boşa düşdükdən və hər cür çətinliyi gördükdən sonra ailə qurmaq olar. İnsan özü dərk etməlidir ki, o, ailə qurmağa hazırdır. Ailə sahibi olmaq böyük məsuliyyətdir. Bu məsuliyyəti götürmək üçün özünəinam, məqsədli olmaq lazımdır.

Uzun illərdir mən həyatımı 4 prinsip əsasında qurmuşam. Niyəti təmiz olmaq, düzgün olmaq, xeyirxah olmaq və bu sadalananlara görə nələrisə qurban verməyi bacarmaq. Bu 4 prinsipə əsaslanaraq həyatımı davam edirəm və bu yolda bütün maneələri aşmağa çalışıram.

Sevinc N. – Həyatda və ailədə xoşbəxt olmaq üçün insanın daxili sakit olmalıdır. İnsanlarda dözümlülük mədəniyyəti olarsa, birlikdə qarşılıqlı hörmətlə çətinliklərdən çıxış yolu tapa bilərlər. Biz uşaqlarımıza da bu məsələləri aşılamışıq. Onlara hazır olduqları, ailə məsuliyyətini dərk etdikləri zaman ailə qurmalarını tövsiyə etmişik.

Ədalət N. - Düşünürəm uşaqlara nəyisə dəfələrlə təkidlə deməkdənsə, şəxsi nümunə kimi göstərmək lazımdır. Məsələn, mənim həyat yoldaşım mənim dostum, həmfikirimdir. Biz bir-birimizə söykənirik və uzun illər möhkəm ailəmiz üçün nələrisə qurban vermişik. Çünki bizim əqidələrimiz uyğundur və ən vacibi bizim övladlarımız var. Yəqin ki biz övladlarımız üçün örnək olarıq.

 

Biraz da sahib olduğunuz bizneslə bağlı bizi məlumatlandırmağınızı istərdik.

 

Ədalət N. – 30 il öncə qərar verdik ki, vegeterian olaq. O zaman ölkədə 300-ə yaxın vegeterian var idi. Bu qərara gəlməyimizə səbəb sağlam həyat tərzinə önəm verməyimiz oldu. Vegeterian olaraq qidamızı təmin etmək üçün ev şəraitində ailəmiz üçün pendir hazırlamağa başladıq. Düşündüm ki, ailəm üçün elə bir süd məhsulu hazırlayım ki, onların rasionunda biraz bolluq olsun. Hazırladığımız məhsul o qədər ləzzətli oldu ki, yavaş-yavaş yaxın ətrafımıza da pay verdik. 5 il öncə isə artıq məhsulumuzu cəmiyyətə təqdim etmək qərarına gəldik və “ABAD” Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsinə müraciət etdik. 

Ümumiyyətlə hər bir sahədə irəli getmək üçün köklənmək lazımdır və bu sahədə baza biliklərinə yiyələnmək çox vacibdir. Bir işi kor-koranə etmək olmaz. Əlbəttə ki problemlər olur, amma yarı yolda dayanmaq olmaz. Hər şey istəməkdən və inanmaqdan asılıdır.

Sevinc N. – Bizim öz məhsullarımızdan hazırladığımız yeməklər hər kəs tərəfindən bəyənilir. Bir müddət öncə 120 növ yemək nümunəsi hazırlayaraq, nə qədər çox çeşidin mövcud olduğunu göstərdik.

Quba “ABAD Factory” İstehsalat Kompleksində həyat yoldaşımla bəzi günlər sifariş çox olduqda dayanmadan 16-17 saat çalışırıq. Əlbət ki yorulduğumuz anlar olur amma, biz bir-birimizə dayaq oluruq. Birgə fəaliyyət işimizi daha da maraqlı və aktiv edir. Bəzən övladlarımız da bizə iş fəaliyyətində dəstək olurlar. Biz bu 5 ildə ailə biznesimizdə çox irəliyə getmişik və ümidləri doğrultmuşuq.

 

Maraqlı fikirləriniz üçün təşəkkür edirik Ədalət müəllim və Sevinc xanım. Sonda yeni ailə quran gənclərə hansı məsləhətləri vermək istərdiniz?

Ədalət N.- Gənclərə tövsiyəm öz həyat yoldaşlarını şəxsiyyət kimi seçib hörmət etsinlər və ailələrinə sadiq olsunlar.

Sevinc N. – Mən isə öz növbəmdə gənclərə səmimi olmağı tövsiyə edərdim. Səmimiyyət hər şeydir.