Sədaqət Qəhrəmanova BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyasında iştirak edib

11 mart 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyasında iştirak edir.

“Qadın və qızların səlahiyyətləndirilməsi və gender bərabərliyinə nail olunması üçün innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal dövrdə təhsil” mövzusunda keçirilən sessiyada çıxış edən sədr müavini bildirib ki, bu gün informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin sosial-iqtisadi inkişafında əsas rol oynayır, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması amillərindən biri kimi çıxış edir.

S. Qəhrəmanova qeyd edib ki, Azərbaycan dövləti qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verir, onların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət aparır. Azərbaycanda bütün dövlət proqramlarına gender komponenti daxildir və qadınların ölkənin sosial-iqtisadi və siyasi həyatında daha geniş və səmərəli iştirakına cəlb edilməsi üçün bir çox layihələr həyata keçirilir.

Ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən S. Qəhrəmanova maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Dövlət Komitəsi gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirir və bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir.

Sədr müavini həssas təbəqədən olan və çətin həyat şəraitində yaşayan qadınlara məşğulluq və özünüməşğulluq üzrə dəstək xidmətləri göstərildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, ölkədə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində 17 Qadın Resurs Mərkəzi yaradılıb.

Çıxışının sonunda S. Qəhrəmanova həm dövlət qurumlarının, həm də özəl sektorun birgə səyləri nəticəsində cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsinə nail olunacağına inamını ifadə edib.

Qeyd edək ki, Dövlət Komitəsinin sədr müavini, eyni zamanda BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 67-ci sessiyası çərçivəsində Pakistan dövləti tərəfindən “Qadınlar İslamda: İslam dünyasında qadınların hüquqları və kimliyi” mövzusunda keçirilən konfransda çıxış edib.