31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

31 mart 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri, maarifləndirici görüşlər, intellektual yarış keçirilib, 1918-ci ilin mart hadisələri zamanı şəhid olmuş türk əsgərlərinin məzarları ziyarət edilib.

Aidiyyəti qurumların dəstəyi ilə mərkəzlərdə, təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lərin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, məktəblərin müəllim və şagird kollektivi, tələbələr iştirak ediblər.

Tədbirlərdə soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib, iştirakçılara soyqırım gününün mahiyyəti barədə ətraflı məlumat verilib, erməni-daşnak və bolşevik qüvvələri tərəfindən xalqımıza qarşı törədilən bu hadisələrin Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğu qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, tarixboyu üzləşdiyimiz bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız müstəqillik əzmini qoruyub saxlayıb, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib.

Tədbirlərdə 628 nəfər bəhrələnib.