Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevirdə vətəndaşları qəbul edib

14 aprel 2023

Paylaş:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən, 14 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edib.
 
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad edilib.
 
Qəbulda iştirak edən vətəndaşlar əsasən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası, alimentin alınması, ünvanlı sosial yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər.
 
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.