Bakının Xəzər və Nizami rayonlarında erkən nikah və qohum evliliyi mövzusunda tədbirlər keçirilib

19 aprel 2023

Paylaş:

Elm və Təhsil Nazirliyinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 4, 6, 14 və 18 aprel 2023-cü il tarixlərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər Xəzər rayonunda yerləşən 183 nömrəli və şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəblərdə, eyni zamanda Nizami rayonunda yerləşən 129 və 229 nömrəli tam orta məktəblərdə baş tutub. Ümumilikdə 52 məktəbdən 424 nəfərin iştirak etdiyi tədbirlərdə yeniyetmələr, valideynlər, məktəb psixoloqları və müəllimlər mövzu ilə bağlı məlumatlandırılıb.
Tədbirlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Səmra Əliyeva və Nərgiz Sədrəddinbəyli iştirak ediblər. S.Əliyeva iştirakçılara erkən nikah və uşaq evliliyinin fərqi, qohum nikahları, hər iki problemin səbəbləri, fəsadları, dünyada və ölkəmizdə mövcud vəziyyət, qanunvericilik aktları və Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi fəaliyyətlər barədə ətraflı məlumat verib. Müzakirə ilə keçən görüşlərdə mövzularla bağlı fikirlər səsləndirilib və tədbirlərin xüsusilə də valideynlər arasında davam etdirilməsi təklif edilib.
Daha sonra “Azərbaycan ailəsi film festivalı”na təqdim edilən “Həyat pilləkəni” qısametrajlı filmi və “Sonradan” sosial çarxı, erkən nikahlarla bağlı məlumatlandırma posteri nümayiş etdirilib.
Qeyd edək ki, 2 ay ərzində mövzu ilə bağlı keçirilmiş tədbirlərdən ümumilikdə 700 nəfər faydalanıb.