Regionlarda ailə dəyərlərinin və ənənələrinin təbliği istiqamətində maarifləndirmə işləri davam edir

22 may 2023

Paylaş:

Hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Əvəzolunmaz milli-mənəvi dəyərimiz olan ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu vardır. Bu baxımdan ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılması hər zaman dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən mütəmadi olaraq əhali, xüsusilə yeniyetmə və gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər keçirilir.

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 15 May Beynəlxalq Ailə Günü münasibətilə aidiyyəti qurumların dəstəyi ilə 2023-cü ilin aprel-may aylarında müxtəlif tədbirlər, maarifləndirici görüşlər keçirilib, şəhid və qazi ailələri, uzunömürlü və həssas təbəqədən olan ailələrə səfərlər edilib, yeniyetmə və gənclərin nümunəvi ailələrlə görüşləri təşkil edilib.

Tədbirlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, icma sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, könüllülər iştirak ediblər.

Çıxış edənlər insanın şəxsiyyət kimi formalaşmasında, özünütəsdiq etməsində ailənin rolunun vacibliyini bildirib, gənclərin ailə həyatına hazırlığı, ailə məsuliyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə danışıblar. Nümunəvi ailələrin üzvləri öz həyat təcrübələrini gənclərlə bölüşərək, ailədə düzgün davranış qaydaları barədə gənclərə tövsiyələr veriblər.

Maarifləndirici görüşlərdə mövzu ilə əlaqəli sosial çarxlar, təqdimatlar nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirlərdən ümumilikdə 800 nəfərdən artıq iştirakçı faydalanıb.