“Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirilib

7 fevral 2015

Paylaş:

Fevralın 6-da “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər planı”  çərçivəsində keçirilən ilk tədbir olduğunu bildirib: “Müstəqillik illərində dini dəyərlərin qorunub möhkəmlənməsi prioritet məsələ olub. Onlarla məbədlər, məscidlər təmir olunub, tikilib. Ancaq təəssüflər olsun ki, əhali arasında milli-dini dəyərlər barəsində narahatlıq doğuran hallar müşahidə olunur. Hələ də insanların təfəkküründə səhv dini stereotiplər var.”

 H.Hüseynova qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafa qadınlar da öz töhfəsini verir. Amma biz hələ də erkən nikah hallarına təsadüf edirik. Biz bu hallarla bağlı bəzi valideynlərlə söhbətləşəndə onlar bunu İslam dininə bağlayırlar. Bu da çox səhv yanaşmadır. Biz komitə olaraq qadınlara rayonlarda kiçik və orta biznes qurmaq üçün müraciət edirik. Sonra həmin qadınlar bizə deyirlər ki, ərləri onlara işləməyə icazə vermir. Bu da zorakılığın bir nümunəsidir. Zorakılıq da sonradan ağır fəsadlara gətirib çıxarır. Halbuki İslam dini qadınlara özünütəsdiq imkanı yaradır. Kişilərə dini, tibbi məlumatlar vaxtında düzgün çatdırılsa, bu cür fəsadlar olmaz. Dini icmalar bu cür məsələlərdə aktiv olsalar, yaxşı olar. Bu gün gənc nəsillə işləmək lazımdır ki, onlar dini ekstremizmə yox, tərəqqiyə can atsınlar. Məscidlərdən, məbədlərdən ancaq ibadət yeri üçün istifadə olunmamalı, ziyarətgahlar bir elm mərkəzinə çevrilməlidir. Dini ekstremizmin qarşısını almaq üçün siyasətçiləri, ziyalıları, din xadimlərini səfərbər etmək lazımdır”.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı bölgələrdə maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət ayrılacağını söyləyib: “Hər dövrün özünə məxsus çağırışları olur ki, bu da ailəyə, cəmiyyətə öz təsirini göstərir. Ailə institutu zamanla dəyişikliyə məruz qalıb. O dövrün ailəsi başqa cür idi, bu dövrün ailəsi tam başqadır. Ailə dəyərlərində dinin öz təsiri var. İslam dini yayıldığı coğrafiyada ailə institutuna öz təsirini göstərib və bu gün də öz təsirini saxlamaqdadır. Biz ailənin formalaşmasına diqqət yetirməliyik. Çox müsbət işlər görülüb. Amma bu gün bizim qarşımızda müstəqilliyimizi təhdid edən amillər var. Onlardan biri də dini ekstremizmdir. Biz həm də bu gün müxtəlif dinlərin ölkəyə yayılması cəhdləri də görürük. Bu gün Azərbaycanın bəzi bölgələrində xristian missionerlər fəaliyyət göstərir, azərbaycanlı bir qadın da gedib o missionerlərlə birgə xorla başqa dini ayini oxuyur. Mən buna çox təəssüflənirəm. Buna imkan verməməliyik. Hər hansı bir ailədə radikal gənc yetişibsə, deməli, onu böyüdən ana milli-mənəvi dəyərlərin təşviqində qüsurlara yol verib. Biz bu problemləri müəyyən edib, qabaqlayıcı tədbirlər görməliyik. Bu işdə də din xadimlərinin ayrıca rolu var. Bu məsələləri yalnız dövlət qurumlarının üzərinə atmaq doğru olmaz”.

    Milli Məclisin vitse-spikeri  Bahar Muradova ailə institutunun möhkəmlənməsində ilk növbədə qanunları əsas götürməyin vacibliyini qeyd edib: “Qlobal dəyişikliklər ölkəmizdən də yan keçmir. Bu gün səslənən çağırışların hamısı bizi inkişafa çağırmır, mürtəce çağırışlar da olur. Etnik, dini icmaların, siyasi partiyaların, ziyalılar birlikdə bu məsələlərdə fəal iştirak etməsə, problemlər yarana bilər. Necə ki, biz bunu sərhədlərimizdən kənarda görürük. Bu gün mühafizəkarlıq müasirliyin qarşısında dayanıb milli-mənəvin dəyərlərin aşınmasının qarşısını alırsa, bəzən də fəsadlara yol açır. Biz bu sərhədləri müəyyənləşdirməliyik. Görəsən, bu gün ailə quranların Ailə Məcəlləsindən xəbərləri varmı? Bəziləri düşünür ki, qanunlar ancaq dövlət qurumları, hüquq-mühafizə orqanları üçündür. Evdar qadın da ailəsini idarə etmək üçün qanunları bilməlidir. Qanunvericilik məsələsində maarifləndirmə işlərinə diqqət yetirməliyik”.

 Tədbirin əhəmiyyətindən danışan millət vəkili Musa Quliyev bu yaxınlarda totalizatorlarla bağlı səslənən fikrin üzərində də dayanıb: “Milli-ideoloji boşluqları doldurmaq lazımdır.  Daha sonra millət vəkilləri Məlahət Həsənova, Sahibə Qəhrəmanova “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanmasında milli və dini dəyərlərin rolu mövzusunda çıxış ediblər.