Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sabunçu rayonunda“Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlim keçirilmişdir

3 fevral 2015

Paylaş:

2014-cü ilin noyabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçirilmişdir. Forumda uşaqların iştirakı ilə Azərbaycan bütün şəhər və rayonlarını əhatə etməklə Əlaqələndirmə Şurası yaradılmışdır.

Şura  növbəti Foruma qədərki dövr ərzində uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılmışdır.

Bu məqsədlə Əlaqələndirmə Şurasının təlimçi olaraq hazırlanmış uşaqları tərəfindən  Bakı şəhərinin hər bir rayonu üzrə bugün uşaqlar üçün aktual hesab edilən, onları maraqlandıran, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də uşaq iştirakçılığının təmin olunması istiqamətində “Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

“Uşaq hüquqları: hüquqlarımızı bilək və paylaşaq” mövzusunda ilk təlim 3 fevral 2015-ci il tarixində Sabunçu rayonunda keçirilmişdir. Təlimlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakına da diqqət ayrılmışdır.

Təlimin fərqləndirici xüsusiyyəti ondadır ki, bu təlim uşaqlar tərəfindən qrup müzakirələri şəklində aparılmışdır.

Təlim Sabunçu rayonunu təmsil edən- Azərbaycan Kooperasiya Universitetinin I kurs tələbəsi Elman Aslanov və142 saylı orta məktəbin 11-ci sinif şagirdi Əli Zeynalov tərəfindən aparılmışdır.