Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N saylı Hərbi Hissəsində tədbir keçirilmişdir

1 dekabr 2014

Paylaş:

“Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması,  onlara sağlam həyat tərzinin aşılanmasıdır.

          Tədbiri giriş sözü ilə açan mayor Faiq Qəribov qonaqları, hərbi hissənin əsgər və zabit heyətini salamlamış, bu növ tədbirlərin müxtəlif cəmiyyət üzvləri arasında keçirilməsinin önəmindən bəhs etmişdir. Bütün hərbiçilərin ən vacib vəzifə borcunun Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləmək olduğunu qeyd edən mayor Qəribov, hərbçi olmağın çətin öhdəliklərindən bəhs etmişdir.

          Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ilk öncə Hərbi Hissənin bütün şəxsi heyətini salamlamış, onlarla görüşün böyük fəxr olduğunu qeyd etmişdir. Azərbaycan ordusunun gücündən, qüdrətindən bəhs edən A.Sofiyeva Müdafiə Nazirliyinə hərbi hissələrdə görüşlərin keçirilməsi üçün veridiyi dəstəyə görə təşəkkür etmişdir. 1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günündə keçirilən görüşdə A.Sofiyeva reproduktiv sağlamlıqdan, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan, Respublikamızda həyata keçirilən dövlət ailə siyasətindən, 2014-cü ilin nikah və boşanma statistikasından söhbət açmış, Komitə tərəfindən mütəmadi olaraq paytaxtda və regionlarda həyata keçirilən uğurlu maarifləndirmə layihələrini qonaqların diqqətinə çatdırmışdır. Daha sonra çıxış edən Kürdəmir RİH başçısının müavini Vəsilə Əsgərli gənc nəslin sağlam həyat vərdişlərinə yiyələnməsinin gələcək həyatlarına, ailələrinə göstərəcəyi birbaşa təsiri qeyd etmiş, bütün ailələrin cəmiyyətə göstərdiyi müsbət və mənfi təsirləri vurğulamışdır.

           Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzular ətrafında müzakirələr  aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Sonda mayor Aslanov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu cür tədbirlərin keçirilməsinə önəm verdikləri üçün bütün şəxsi heyət adından öz minnətdarlığını bildirmişdir. Hərbi Hissənin kitabxanasına Komitə tərəfindən nəşr edilmiş maarifləndirmə vəsaitləri təqdim olunmuşdur.