Gender Bərabərliyinin Nəzərdən Keçirilməsi üzrə İkinci Konfransda Komitə sədri Hicran Hüseynova çıxış edib

13 iyun 2017

Paylaş:

12-13 iyun 2017-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Gender Bərabərliyinin Nəzərdən Keçirilməsi üzrə İkinci Konfrans keçirilir.

Konfransın keçirilməsində məqsəd Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) gender bərabərliyi üzrə öhdəliklərinin  nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirəsidir.

Yüksək səviyyəli panel və işçi sessiyalarından ibarət olan konfransda gender bərabərliyinin təmin edilməsi sahəsində məsul rəsmi şəxslər, ekspert və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın  rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Açılış sessiyasında Komitə sədri Hicran Hüseynova gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi üzrə çıxış edərək Azərbaycan təcrübəsini iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Respublikasında qadınlar arasında yoxsulluğun azaldılması, məşğulluq imkanlarının, eləcə də sahibkarlıq fəaliyyətinin artırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb. Komitə sədri qadınların cəmiyyətdə iştirakının daha da artırılması, səlahiyyətləndirmə yollarını və gender bərabərliyini nəzərdə tutan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması üçün mühüm işlərin görüldüyünü və 6 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanını vurğulayıb.

Qadınların siyasi və ictimai həyatda iştirakının artırılması ətrafında gedən müzakirələrdə Hicran Hüseynova qadın və qızların fəallığının artırılması istiqamətində görülən mühüm işlər, o cümlədən, Ümumrespublika Uşaq Forumları, Azərbaycan Qadınlarının Qurultayları barədə məlumat verib. O, Azərbaycan qadınlarının qərarqəbuletmə və idarəetmədə iştirakçılığını və fəallığını qeyd edib.

Konfrans çərçivəsində digər dövlətlərin təcrübə mübadiləsi və ATƏT təcrübəsində qadın hüquqlarının müdafiəsi sahəsində müzakirələr aparılıb.