“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib

9 iyun 2017

Paylaş:

9 iyun 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT), Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib.

Panel müzakirələr şəklində keçirilən konfransın məqsədi Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üçün qadınların cəmiyyətdə iştirakının daha da artırılması, səlahiyyətləndirmə yollarını və gender bərabərliyini nəzərdə tutan DİM – də olan qadınlara aid hədəf və göstəriciləri müzakirə etməkdir.

Bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, orta və ali təhsil müəssisələrinin rəhbərlərinin, beynəlxalq təşkilatların əməkdaşlarının, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə keçirilən konfransı Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov giriş nitqi ilə açaraq bildirib ki, 6 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalamışdır. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədlərindəki bir çox hədəflər üzrə mühüm nailiyyətlər əldə etmişdir. Bu məqsədlərdən biri də gender bərabərliyinin təşviq və təmin olunması istiqamətindədir.

Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Əli Əhmədov Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirakı, onlar üçün yaradılan şərait barədə də söhbət açıb. O, qadınların ictimai sferada, iqtisadi fəaliyyət sahəsində iştirakının artması ilə cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Baş nazirin müavini 200 il əvvəl qadının işləməməsinin, onun üçün rahat şəraitin yaradılmasının gender bərabərliyinin pozulması kimi qiymətləndirilmədiyini qeyd edib. Əli Əhmədov gender bərabərliyi sahəsində narahat edən məqamların olduğunu da vurğulayıb: “Siyasi, ictimai həyatda, iqtisadi sferalarda qadın-kişi nisbətində kişi fəallığı yüksəkdir. Keçmişin müəyyən qalıqları da qadınlarla bağlı müəyyən problemlərə yol açır. Bu sahədə işimizi qurub, problemləri aradan qaldıracağıq”.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir. Qadınlar sosial sahələrdə daha çox fəallıq nümayiş etdirirlər. Bir sıra ölkələrdə qadınlar parlamentdə və digər dövlət işlərində təmsil olunurlar. Ancaq təəssüf ki, qadınlara qarşı ayrı-seçkiliyin mövcud olduğu ölkələr də var. Azərbaycanda isə gender bərabərliyi inkişaf edir, qadınların ictimai həyatda iştirakı artır. Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub.

O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir: “Biz əmin olmalıyıq ki, DİM-in gender bərabərliyi ilə bağlı komponentləri də uğurla yerinə yetirilir. Qadınların iqtisadi həyatda rolunun artırılmasına daha çox önəm verilməlidir.”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi vacib məsələdir və ölkənin prioritetlərindən biridir. Ölkədə hər bir ailənin sosial rifahını yüksəltmək, qadınlar arasında yoxulluğun aradan qaldırılması və məşğulluğunun artırılması sahəsində son dövrlər çox aktiv iş aparılır. Keçirilən iqtisadi islahat, bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına gətirib çıxarır. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir. 2012-ci ildə sahibkarlar arasında qadınlar 17 % təşkil edirdisə, 2017-ci ilin əvvəlində bu göstərici 21 % çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır.

Hicran Hüseynova bildirib ki, DİM-in 17 məqsədinin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir. Buna görə də 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətli həyata keçirilməsinə də dəstək ola bilər. O qeyd edib ki, qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə maarifləndirmə işlərini artırmalıyıq. Komitə sədri Dayanıqlı İnkişaf Məqsədlərinin tədris proqramlarına daxil edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Komitə sədri bildirib ki, digər prioritetlərdən biri də gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də, insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsidir. Bu sahədə də müəyyən işlər görülüb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndlərindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxlər müəyyən edilmişdir.

Çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycanda qanunvericilik bazası və ənənələrimiz baxımından gender bərabərliyi ilə bağlı problem yoxdur. Qadınların iştirakçılığının artırılması, ümumən, cəmiyyətin və dövlətin inkişafına xidmət edir. Bahar Muradova bildirib ki,  qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır: “Qadınlar cəmiyyətin, bəşəriyyətin ayrılmaz bir hissəsidir. Biz ümumilikdə cəmiyyəti maarifləndirməliyik, qadınları ayrıca götürə bilmərik. Bu zaman dayanıqlı inkişaf da mümkün olacaq.”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova cəmiyyətin inkişafında qadınların rolu haqqında məlumat verib. Nazir müavini ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, ictimai-siyasi, iqtisadi, mədəni proseslərdə qadınların fəal iştirak etdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan qadınları fəaliyyət göstərdikləri sahələrdə fədakarlıqla çalışır, dövlət quruculuğu prosesinə layiqli töhfələr verirlər. Ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə iştirakı, gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır. Sevinc Həsənova bildirib ki, 2000-ci illərin əvvəlində Azərbaycan vətəndaşlarının hər 2 nəfərindən biri yoxsul olubsa, indi bu göstərici 5 faizə düşüb.

Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva Azərbaycanda gender bərabərliyi sahəsində görülən işlər və layihələr barəsində məlumat verib.

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.