İsmayıllıda Bakı Tikiş Evinin filialı açılacaq

12 aprel 2014

Paylaş:

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi artıq üçüncü ildir ki, fəaliyyət göstəir. Bu müddət ərzində Mərkəz çoxsaylı problemli ailələrlə iş aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, əksər ailələrin problemləri maddi çətinlikdən qaynaqlanır. Rayonda iş yerlərinin azlığı, xüsusən qadınlar üçün iş yerlərinin olmaması  maddi çətinliklərə, bu da öz növbəsində arzuolunmaz ailə problemlərinə – ailə münaqişələrinə, boşanmalara gətirib çıxarır.

İsmayıllı UADM bu barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin   başçısı Mirdamət Sadıqova məlumat vermiş və rayonda qadınlar üçün toplum iş yeri – Tikiş fabriki açılmasına köməklik göstərməsini xahiş etmişdir.

Ötən əsrin son onilliyində  rayonda  tikiş fabriki fəaliyyət göstərdiyindən burada xeyli sayda hazır işçi qüvvəsi də var idi. Təqdirəlayiq haldır ki, Mərkəzin təklifi nəzərə alınmışdır. Artıq rayonda Bakı Tikiş Evinin filialının açılması istiqamətində geniş iş gedir. Yer müəyyənləşdirilib, 50-yə yaxın tikiş maşını gətirilib. Bakı Tikiş Evininin keyfiyyət üzrə mühəndis-nəzarətçisi Zöhrə Cəfərova İsmayıllıya ezam edilmiş və fabrikdə işləyəcək qadınlarla  kurslar təşkil etmişdir. Artıq 36 nəfər işçi konveyer üsulu ilə işləmək üçün seçilmiş və hazırlanmışdır. Hazırda növbəti 24 nəfər kurs keçir.

Fabrikə işçi seçimi, kursların işinə nəzarət İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə  həvalə edilmişdir və Mərkəz işçi seçimində təbii ki, işlədiyi problemli ailələrə, şəhid ailələrinə, ailə başçısını itirmiş qadınlara və əlillərə üstünlük verir. Yaxın günlərdə Bakı Tikiş Evinin İsmayıllı filialının açılışı olacaq.  Bu  filialın açıılşı İsmayıllı UADM-in fəaliyyəti dövründə  ailə problemlərinin azaldılması istiqamətində görülən uğurlu  işlərdən biridir.