Beynəlxalq təşkilatlara və xarici dövlətlərə Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər adından Bəyannamə

5 iyul 2017

Paylaş:

5 iyul 2017-ci il tarixində keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı dəyirmi masada qəbul edilmiş Beynəlxalq təşkilatlara və xarici dövlətlərə Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər adından

Bəyannamə

1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarlnda qeyd edilmiş əsas prinsiplərdən biri döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə, o cümlədən döyüş silahını yerə qoymuş qüvvələrin üzvləri ilə və xəstələnmə, yaralanma, tutulma və ya hər hansısa digər səbəb üzərindən sıradan çıxmış şəxslərə onların irqinə, dərisinin rənginə, dininə və ya əqidəsinə, cinsinə, mənşəyinə və ya əmlak vəziyyətinə və ya hər hansısa digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik qoyulmadan, bütün hallarda insani rəftar olunmasını nəzərə alaraq,

1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan hüquqlarının Bəyannaməsininin əsas prinsiplərini əsas tutaraq,

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında və Uşaq hüquqları haqqında Konvensyalarının məqsədlərini irəli çəkərək,

BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizliyə dair Qətnaməsinin vacibliyini yenidən gündəmə gətirərək,

Son günlər Ermənistan işğalçı qüvvələri tərəfindən yenidən atəşkəsin pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edirik.

2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Ermənistan dövlətinin bu çirkin hərəkətləri beynəlxalq hüquqi aktları – Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmüşdür. 

Münaqişənin həll olunmasının prinsipial əsasını BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur.

20 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Ermənistanın bu kimi genişmiqyaslı təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə böyük zərbə vurur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ümumlikdə isə, bu hadisələr nəticəsində 33 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanmışdır.

Bu gün hər bir vətəndaş, o cümlədən, Azərbaycan qadınları da ölkə başçısının ədalətli mövqeyini dəstəkləyir. Bu, Azərbaycan xalqının birlik və  bərabərliyinin təcəssümüdür. 

Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

Biz, beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının  Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin tələblərinə əməl edilməsi,və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik:

1. Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin edilsin;

2. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin edilsin.

3. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin;

4. Qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dayandırılsın.