“Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirildi

20 iyul 2017

Paylaş:

20 iyul 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri iştirak edib. 

Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, mətbuatın Azərbaycan xalqının inkişaf tarixində özünəməxsus yeri olduğunu və əsas məqsədinin fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, təhsilə çağırmaq, elmi-mədəni səviyyəsini artırmaq olduğunu bildirib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il  iyulun 22-si Milli Mətbuatın yaranması günü kimi qeyd olunur. Ötən 25 il ərzində bütün sahələrdə olduğu kimi, medianın da inkişafının göz önündə olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda mətbuatımız  özünün yeni inkişaf mərhələsini yaşayır. Bu,  ölkə başçısının və Hökumətin müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin göstəricisidir: “Kütləvi İnformasiya Vasitələrinin sayında önəmli irəliləyiş baş vermişdir. Bu gün  yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar  özlərinə geniş oxucu auditoriyası toplamış və  qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişlər. Bu sahədə  uğurlu  dövlət siyasətinin, jurnalistlərə və jurnalist təşkilatlarına göstərilən qayğının  nəticəsi olaraq Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatlarına layiq görülmüşlər. Eləcə də, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə qadın hərəkatının lideri kimi çoxşaxəli fəaliyyətinə görə dəfələrlə jurnalistlər tərəfindən mükafatlarla təltif edilmişdir.”

Hicran Hüseynova bildirib ki, vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir, xüsusilə Ermənistanın  vandalist,  işğalçı  siyasəti  və onun acı nəticələrinin həm xalqımıza, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın böyük rolu vardır: “Elə bu yaxınlarda ermənilərin növbəti təxribatı və onun nəticəsində 18 aylıq Zəhranın və nənəsinin qətlə yetirilməsi haqqında məlumatın yayılmasında jurnalistlərimizin böyük xidməti vardır. Bu nəyi göstərir, dövlətin, xalqın, ordunun, mətbuatın birliyini”. 

Dövlət Komitəsinin sədri əlavə edib ki, hazırda ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində, və eyni zamanda məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır, biz mütəmadi olaraq, həmin yazıların monitorinqini keçiririk, jurnalistlərin bu sahədə peşəkarlığını diqqətlə izləyirik.

O, çıxışının sonunda jurnalistlərə müraciət edərək qeyd edib: “Siz,  cəmiyyətin aparıcı qüvvəsi, vətəndaş cəmiyətinin qurucularısınız. Cəmiyyət qarşısında vacib missiya həyata keçirirsiniz. Bir daha bütün mətbuat nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edir, hər birinizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümidvaram ki, bundan sonra da əməkdaşlığımız səmərəli şəkildə davam edəcək.”

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə bildirib  ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib. Yarandığı gündən etibarən Azərbaycan cəmiyyətini maraqlandıran, onun mənafeyinə uyğun olan maarifləndirmə işləri aparıldığını deyən Ərəstun Mehdiyev mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərini qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalqla bağlı olub, onun inkişafı üçün var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuatın Azərbaycan dövlətinin inkişafında, problemlərinin həllində mühüm rolu olub. Sevindirici haldır ki, 2010-cu ildə cənab prezidentin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifadəyə verildi. Bu gün isə növbəti binanın açılış mərasimi keçirildi. Artıq üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının bariz nümunəsidir.” Ərəstun Mehdiyev bildirib ki, mətbuatın hər zaman ailə məsələlərini, milli dəyərlərin qorunub saxlanılmasını diqqətdə saxlaması sevindirici haldır və mən inanıram ki, bu həssas, peşəkar, diqqətli münasibət bundan sonra da davam edəcək”.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara işlərində uğurlar arzulayıb. S. Vəliyeva Azərbaycan mətbuatının formalaşması tarixinə nəzər salıb. “Biz həyatımızı informasiyasız təsəvvür etmədiyimizə görə bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan mətbuatı şanlı tarixə malikdir. Biz hər birimiz bu tarixlə fəxr edirik. Bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyini göstərir. Ölkəmizdə mətbuat azadlığı, söz azadlığı təmin edilib. Bu gün hamımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifadə etməliyik”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, müstəqil Azərbaycanda KİV-in özünütənzimləmə mexanizmi yaradılmışdır, KİV-ə Dövlət Dəstəyi Konsepyası  hazırlanmışdır, eyni zamanda bu sahədə müxtəlif genişmiqyaslı layihələr həyata keçirilir. Müşfiq Ələsgərli ailə və qadın məsələlərinə münasibətdə medianın həssas və məsuliyyətli olmasının vacibliyini qeyd edib: “Azərbaycan Jurnalistlərinin Etik Kodeksi və onun çox böyük hissəsi uşaq məsələlərinin KİV-də işıqlandırılmasına həsr olunub və bu beynəlxaq jurnalist kodeksləri üzərində hazırlanıb. Bu cür materialların hazırlanmasında xüsusi prinsiplər müəyyən olunub. Uşaqlarla bağlı informasiyaların yayılması ilə bağlı məsələlər həm də qanunvericilikdə əks olunub. Xüsusilə qeyd etməliyik ki, cinayət qurbanına və ya iştirakçısına çevrilmiş uşaqların adlarının açıqlanmasına icazə verilmir.” Daha sonra Dövlət Komitəsinin təşəbbüsü və ASAN Radionun dəstəyi ilə hazırlanmış ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub.

Konfransın yekununda ailə, qadın və uşaq məsələləri ilə bağlı dərc olunan jurnalist materiallarının 2017-ci il üzrə monitorinqinin nəticələrinə əsasən Komitə ilə peşəkar, səmərəli əməkdaşlıq edən bir sıra media nümayəndələri diplom və hədiyyələrlə təltif edilib.