Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Əfqanıstan İslam Respublikasının səfiri ilə görüşüb

17 oktyabr 2017

Paylaş:

17 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Əfqanıstan İslam Respublikasının səfiri Mohammad Taqi Xalili ilə görüşü keçirilib.

Əfqanıstan İslam Respublikasının səfiri Mohammad Taqi Xalili səmimi qəbul üçün minnətdarlığını bildirib. O, ölkəsində qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri, son zamanlar qadınların idarəetmə və qərarqəbuletmədə təmsilçiliyinin artırılması istiqamətində görülən işləri qeyd edib. O, qadınların irəli çəkilməsi ilə bağlı Əfqanıstan təcrübəsini bölüşüb. Səfir Əfqanıstanda qadınların cəmiyyətdə fəal olduqlarını, onlar üçün müvafiq imkanların yaradılması məqsədilə mühüm işlərin davam etdirildiyini bildirib. O, eyni zamanda, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib, əfqanıstanlı qadınlarla azərbaycanlı qadınların birgə fəaliyyətinin əhəmiyyətini əlavə edib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Dövlət Komitəsnin sədri Hicran Hüseynova qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb. Komitə sədri ölkəmizdə qadınların müxtəlif sahələrdə, eləcə də iqtisadiyyatda, biznes təsisatlarında uğurla təmsil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanda qadın sahibkarlığının inkişafına olan dövlət dəstəyini, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib. Komitənin də bu istiqamətdə həyata keçirdiyi tədbirləri qeyd edib.

Hicran Hüseynova gələn il Azərbaycanda Şərqdə ilk dəfə olaraq qadınlara seçmə, seçilmə hüququnun verilməsinin 100 illiyinin qeyd olunacağını və Azərbaycan Qadınlarının V Qurultayının keçiriləcəyini də xüsusilə diqqətə çatdırıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşıdakı birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.