Baş nazirin elçisi: "Britaniyalılar qadınların cəmiyyətdə roluna dair Azərbaycanın təcrübəsindən yararlanmalıdırlar" - MÜSAHİBƏ

7 fevral 2018

Paylaş:

"Mənim də istəyim Böyük Britaniyada hamının bundan xəbər tutması və Azərbaycan qadınının necə böyük statusa malik olduğunu bilməsidir"

London. 2 fevral. REPORT.AZ/ Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun "Report"un Qərbi Avropa bürosuna müsahibəsi:

- Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- İki ölkə arasında əlaqələr çox yüksək səviyyədə qurulub və 20 ildən artıqdır yüksələn xətlə inkişaf edir. Bizim əlaqələrimiz müstəsna xarakter daşımaqla yanaşı, dünyada ən mühüm ikitərəfli münasibətlərdən biridir. Mən də Böyük Britaniyanın Azərbaycanda ticarət elçisi olduğumdan özümü imtiyazlı hiss edirəm.

- Böyük Britaniyanın Avropa İttifaqından çıxması rəsmi Bakı və London arasındakı əlaqələrə təsir göstərə bilərmi?

- Azərbaycan Avropa İttifaqına üzv olmadığından Böyük Britaniyanın bu qurumu tərk etməsinin əməkdaşlığımıza heç bir mənfi təsiri olmayacaq. "Brexit"in təsiri Böyük Britaniyanın Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığında və bu qurumun özündə hiss ediləcək. Azərbaycan Avropa Şurasının üzvüdür, Böyük Britaniya isə bu qurumun yaradıcılarındandır. Bu müstəvidə də ikitərəfli münasibətlərimiz möhkəmlənib və hazırda da yüksələn xətlə inkişaf edir. "Brexit" Avropa İttifaqının üzvlərini bir-birinə bağlayan tellerdən Böyük Britaniyanı azad etmək deməkdir. Rəsmi London Azərbaycanla sıx münasibətlər qurduğundan bu məsələdə Avropa İttifaqına üzv ölkələrlə məsləhətləşmələrə ehtiyac yoxdur. "Brexit"in üstünlüyü britaniyalı iş adamlarını daha artıq səylər göstərməyə, yeni dövlətlərlə, o cümlədən Azərbaycanla əlaqələr qurmağa məcbur edəcək. Burada xüsusilə kiçik və orta sahibkarların üzərinə böyük məsuliyyət düşür. Böyük Britaniya ada dövlət olduğundan ixraca ehtiyacı böyükdür.

- Yaxın günlərdə Azərbaycana səfəriniz gözlənilirmi?

- Fevral ayının ortalarında Azərbaycana bir neçə günlük səfər etməyi planlaşdırıram. Hazırda parlamentdə "Brexit"lə bağlı qanun layihələri üzrə səsvermələr ardıcıl olaraq keçirildiyindən ölkəmdə olmağım zəruridir.

- Siz Azərbaycan Respublikası Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı Britaniya parlamentində Azərbaycanda və Xəzər regionunda qadın hüquqları mövzusunda müzakirələrə dəvət etmisiniz. İki ölkə arasında bu sahədə də əlaqələri genişləndirmək mümkündürmü? 

- Mən əməkdaşlıq etdiyimiz ölkələrlə, o cümlədən Azərbaycanla siyasi və biznes sahəsində dostluq əlaqələri yaratmağa can atıram. Biz tərəfdaşlarımızla birgə ümumi maraq dairəmizdə olan mövzuları müəyyən edirik və bunu mütəmadi olaraq gündəmə gətiririk. Mən Azərbaycanda qadınların hər bir sahədə güclü rola malik olduğunu müşahidə etmişəm və bu da mənim böyük marağıma səbəb olub. Hesab edirəm ki, britaniyalılar qadınların cəmiyyətdə roluna dair Azərbaycanın təcrübəsindən yararlanmalıdırlar. Bu məqsədlə də Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı Böyük Britaniya Lordlar Palatasına dəvət etmişəm. Biz iki dövlət arasında sıx əməkdaşlıq əlaqələri qurmuşuq və bir-birimizin təcrübəsindən bəhrələnməliyik. Mən yenidən Hicran Hüseynovanı Böyük Britaniya parlamentinə dəvət etməyi və onu digər siyasətçilərə təqdim etməyi düşünürəm. O, Azərbaycanda qadınların hüquqlarının təmin olunması sahəsində görülmüş təqdirəlayiq dövlət siyasətini təmsil edir. Beləliklə, onun bizimlə qadın hüquqlarına dair bölüşə biləcəyi təcrübəsi böyükdür. Biz bu uğurlu siyasətin müəyyən məqamlarını Böyük Britaniyada və Avropada təqdim edə bilərik. Azərbaycanda qadınların səsvermə hüququnun bir əsrlik tarixi var. Mənim istəyim də Böyük Britaniyada hamının bundan xəbər tutması və Azərbaycan qadınının necə böyük statusa malik olduğunu bilməsidir.

Mən xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə şəxsi tanışlığımdan böyük məmnunluq duyuram. O, çox yüksək səviyyəli, qeyri-adi bir qadın olmaqla yanaşı, onun fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdə tutduğu aparıcı rolun bariz nümunəsidir.

Bəzi ölkələrdə müşahidə etdiyimizdən fərqli olaraq, Azərbaycanda qadınlar öz kişi həmkarları ilə qarşılıqlı dialoq şəklində fəaliyyət göstərməyə nail olublar, həmçinin onlar dünyadakı qadın hərəkatlarının ən qətiyyətli nümunələri sıralarındadırlar.

- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyona yaxın azərbaycanlı öz torpaqlarından məcburi köçkün düşüb, onların da yarısı qadındır...

 

- Bəli, mənim bildiyimə görə, Azərbaycan dövləti qadınların problemlərinin həlli və səslərinin cəmiyyətdə eşidilməsi üçün əlindən gələni edir. 

Mən "AMAR" Xeyriyyə Fondunun rəhbəriyəm. Bizim təşkilatımız müharibə, münaqişə və təbii fəlakətlər məticəsində məcburi köçkün düşmüş insanların hüquqlarını müdafiə edən xeyriyyə təşkilatdır. Bizim xeyriyyə təşkilatımız İranda, İrqada, Livan və Pakistanda fəaliyyət göstərib və bu gün fəaliyyətini digər ölkələrdə genişləndirir. Məni məcburi köçkün düşmüş hər bir insanın gələcəyi yaxından maraqlandırır və çox narahat edir.

Biz məcburi köçkün düşərgələrində səhiyyə və təhsilin təmin edilməsi sahəsində özümüzün faydalı iş metodlarımızı işləyib hazırlamışıq. Hazırda İraqdakı fəaliyyətimizdən bir milyon insan faydalanır. Biz Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və YUNESKO kimi aparıcı təşkilatlarla birgə fəaliyyət göstəririk. Mən çox istərdim ki, "AMAR" azərbaycanlı məcburi köçkün düşərgələrində də fəaliyyət göstərsin. Bizim fəaliyyətimiz azərbaycanlı məcburi köçkünlər üçün həyatlarını yenidən qurmaqda və daha yaxşı gələcəyə hazır olmaqda yardımçı ola bilər. "AMAR" həmçinin məcburi köçkünlər arasında birlik və həmrəylik ruhunun yaradılmasında da böyük təcrübəyə malikdir.