“Gender bərabərliyi və media” mövzusunda konfrans keçiriləcək

10 мая 2019

Поделиться:

Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı ilə 13 may 2019-cu il tarixində saat 09:30-da “Hilton” mehmanxanasının "Sevda ballroom" zalında “Gender bərabərliyi və media” mövzusunda konfrans təşkil olunacaq.

Konfrans Avropa Şurasının 70 illiyinə və Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunur. Konfransın keçrilməsində əsas məqsəd gender bərabərliyi və media sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığı artırmaq, Azərbaycan mediasında gender bərabərliyi mövzusuna tarixi və müasir kontekstdə nəzər salmaq və bu mövzuda açıq müzakirələrə şərait yaratmaqdır. Konfransda 80-dən çox dövlət qurumlarının, ali təhsil müəssisələrinin, diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də xarici və yerli ekspertlər iştirak edəcək.

Konfransın açılış sessiyasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri, Səfir Zoltan Hernyes, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, millət vəkili, AŞPA-nın Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi Komitəsinin üzvü Sahibə Qafarova, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışı nəzərdə tutulur.

Konfrans çərçivəsində “Avropa Şurası, gender bərabərliyi və media azadlığı”, “Azərbaycan Demokratik Respublikası (ADR), qadın hüquqları və media”,   “Azərbaycan mediasında gender bərabərliyi: perspektivlər və problemlər” mövzuları üzrə 3 sessiya ətrafında müzakirələr keçiriləcəkdir.