“Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçirilib

31 мая 2019

Поделиться:

30 may tarixində Naxçıvan Biznes Mərkəzində 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, qadınların Azərbaycan cəmiyyətində rolunun artırılması, onların bütün sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsinə bərabərhüquqlu vətəndaş olaraq cəlb olunması ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-qadın siyasətinin bəhrəsidir. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə sahibkarlığın inkişafına, bu prosesdə qadınların fəallığının artırılmasına hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikasında da qadınlar yaradılmış münbit şəraitdən istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərir, özəl sektorda geniş təmsil olunurlar. Bütün bunlar Naxçıvan qadınlarının iqtisadi sahədə artan fəallığını göstərir. Təsadüfi deyil ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Ramilə Seyidova vurğulayıb ki, muxtar respublikada qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davamlı xarakter alıb. Belə ki, son illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları və fəaliyyətlərinin genişləndirilməsi üçün 1 milyon 790 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilib. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məsullarının istehsalında önəmli rol oynayırlar. Hazırda muxtar respublikada 5 min 478 fiziki, 49 isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5 min 527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai-iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər.

Qeyd olunub ki, bu gün muxtar respublikada qadınlar, xüsusən də aztəminatlı, sağlamlıq imkanları məhdud qadınlar üçün maliyyə savadlılığının artırılması, ailə büdcəsinin idarə olunması ilə bağlı təlimlərin keçirilməsi onların idarəetmə vərdişlərinin yüksəldilməsinə, gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə yönəlib. Muxtar respublikada müxtəlif beynəlxalq layihələr də həyata keçirilir. Növbəti layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 250-dən çox sahibkar qadın təlimlərə cəlb olunub. Onlara müəyyən həcmdə sərmayə köməkliyi göstəriləcək.

 “Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən qayğının nəticəsidir ki, 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir”, - deyən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Naxçıvanda təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi əhali tərəfindən ailə təsərrüfatlarına olan marağı artırıb, muxtar respublikada yeni ailə təsərrüfatları yaradılıb. Təkcə 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. Hazırda muxtar respublikada 1022 ailə təsərrüfatından 177-si qadınlardır. Qarşıdakı dövrdə onların sayının artacağı şübhəsizdir. Qadınların bu uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı var.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında qeyd edib ki, bu gün dünya ölkələri Azərbaycanın qabaqcıl qadın hərəkatı tarixinə böyük maraq göstərirlər. Bugünkü konfrans da qadınlarımızın iqtisadi hüquqlarının daha da güclənməsinə mühüm töhfədir. Komitə sədri bu tədbirin keçirilməsinə yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə görülən işlər Naxçıvan Muxtar Respublikasından da yan keçmir. Naxçıvan da sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar, iqtisadiyyatda, sosial və mədəni həyatdakı yeniliklər diqqəti çəkir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublika gündən-günə tərəqqi edir. Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq xəttinin Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilməsi muxtar respublikada da böyük dəyişikliklərə səbəb olub. Dövlətimizin başçısının həm hərbi, həm iqtisadi sahədə göstərdiyi dəstək sayəsində Azərbaycanın bu diyarının uğurları ildən-ilə artır. Naxçıvanda bütün sahələrdə əldə edilən nailiyyətlər isə hər şeydən əvvəl sakinlərin rifahının yaxşılaşdırılmasına xidmət edir. Burada sənaye dinamik inkişaf edir, sahibkarlığa əlverişli şərait yaradılır, mövcud müəssisələrin fəaliyyəti bərpa olunur, yeni-yeni istehsal sahələri yaradılır. Naxçıvan şəhəri də daxil olmaqla, muxtar respublikanın bütün bölgələrində kompleks abadlıq-quruculuq işləri aparılır.

Vurğulanıb ki, bu gün Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim zəngin ənənələrlə, həm də həyata keçirilən dövlət-qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Ölkəmizin qarşısında “Gələcəyə baxış” İnkişaf Konsepsiyası və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Strateji Yol Xəritəsinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəlik var. Sənəddə gender bərabərliyinin təmin edilməsi və bütün sahələrdə qadınların imkanlarının genişləndirilməsi əsas hədəflərdən biridir. Sevindirici haldır ki, qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. 

“Mən sizin uğurlarınıza ürəkdən sevinirəm və inanıram ki, Naxçıvanda bu tədbirdə iştirak edən qadınlar kimi işgüzar, aktiv qadınlar çoxdur və ildən-ilə onların sayı artır”, – deyən komitə sədri bildirib ki, bu gün dünyada gedən proseslər qadınlardan daha aktiv münasibət gözləyir. Azərbaycanın, Naxçıvanın böyük oğlu Hüseyn Cavidin sözləri ilə desək, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək”. Buna görə də qadınlar öz güclərinə inanmalı, potensiallarını, şəxsi keyfiyyətlərini inkişaf etdirməlidirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək qeyd edib ki, müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev deyib: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”.

Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib, ölkəmizə ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib. Azərbaycan qadınları öz dərin zəkaları və fəaliyyətləri ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehrəngiz Əkbərova, ailə təsərrüfatçısı Sürəyya Quliyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması müxtəlif təsərrüfat sahələrində çalışan qadınlar üçün yeni imkanlar yaradıb. Bu gün muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Məhz bunun nəticəsidir ki, dövlətçiliyimizin möhkəmlənməsi və iqtisadiyyatımızın tərəqqisində qadınlarımız yaxından iştirak edir, qadınların yaratdığı ailə təsərrüfatlarının sayı durmadan artır.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovaya ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində göstərdiyi xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən xatirə medalı təqdim olunub. Muxtar respublikanın bir qrup fəal qadın sahibkarına isə komitənin diplomları təqdim edilib.

Naxçıvan televiziyasının hazırladığı “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” mövzusunda filmin nümayişindən sonra Naxçıvan Biznes Mərkəzində sərgilənən muxtar respublikada istehsal edilən məhsullarla tanışlıq olub.