Media

Xəbərlər

Tarixdən
Tarixədək
Arxiv
Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbəri Azər Allahverənov və bu koalision təsisatın digər təsisçilər ilə görüşüb.   Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. MƏP nümayəndələrinin Dövlət Miqrasiya Xidməti yanında ictimai şurada təmsil olunduğu dövrdə də fəallığına diqqət çəkən sədr, platformanın yaradılmasının müsbət bir təcrübə olduğunu qeyd edib. Əlavə edib ki, belə təşkilatların cəmiyyəti narahat edən müxtəlif sahələrə töhfə verəcəyinə, o cümlədən bu proseslə məşğul olan ictimai şuraların da sonradan belə platformalar yaratmasına təkan olacağına inanır. Ölkəmizdə çox sayda vətəndaş cəmiyyəti institutunun fəaliyyət göstərdiyini vurğulayan B.Muradova qeyd edib ki, qeyri-hökumət təşkilatları konkret istiqamətlər üzrə peşəkarlaşmalı, müvafiq sahənin işinə töhfə verməli və belə əməkdaşlıq platformalarının yaradılmasında yaxından iştirak etməlidir. Tarixi Zəfərin ölkəmizdə hər bir sahədə daha sürətli inkişafa təkan verdiyini vurğulayan sədr, dövlət orqanlarının fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq etdiyinə diqqət çəkib. O, çıxışının sonunda müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və İctimai Birliyin gələcəkdə Komitənin  fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə daha geniş yer ayıracağına ümidini ifadə edib. Səmimi qəbula görə təşəkkürünü bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov, təşkilatın yaradılması tarixindən və qısa müddətdə həyata keçirdiyi layihələrdən danışıb. Miqrasiya sahəsinin çoxşaxəli və maraqlı bir sahə olduğunu deyən sədr, Azərbaycanda miqrasiya proseslərinin aktiv olduğunu qeyd edib. Təşkilatın reallaşdırdığı layihələrin nəticələrindən söz açan A.Allahverənov, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb, gələcəkdə fəaliyyət istiqamətlərinin daha da genişlənəcəyini bildirib. O, Azərbaycanda bu sahədə yeganə təşkilat olan MƏP-in Komitə ilə əməkdaşlığa önəm verdiyini, hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Görüşün davamında Komitənin yenilənmiş Uşaq Məlumat Bankı, gender bərabərliyinin təmin olunması, erkən uşaqlıq dövründə inkişaf, vətəndaşların ailə üzvlərinin repatriasiya və readmissiyası istiqamətində fəaliyyəti, Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlar qarşısında təqdim etdiyi hesabatlarla bağlı məlumat verilib və müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Ətraflı
Növbəti “açıq qapı” günü keçirilib

24 aprel 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib. Bakı şəhəri Xəzər rayonunun Şağan, Zərdab rayonunun Gəlmə, Zaqatala rayonunun Kebelobad, Saatlı rayonunun Sımada, Qəbələ rayonunun Aydınqışlaq, İsmayıllı rayonunun Mican, Hacıqabul rayonunun Muğan, Goranboy rayonunun Şəfəq, Ağdam rayonunun Yeni Quzanlı kənd və qəsəbələrində səyyar şəkildə keçirilən “açıq qapı”da mərkəzlərin xidmətlərindən istifadə, uşaqla ünsiyyət, psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, işlə təmin olunma, özünüməşğulluqla bağlı ümumilikdə 110 müraciət dinlənilib və onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib. Həmçinin, uşaqların inkişaf ləngiməsinin erkən aşkar edilməsi və profilaktikası məqsədilə mərkəzlərin əməkdaşları tərəfindən Denver II qiymətləndirmə testi keçirilib.

Ətraflı
Uşaq Səfirlər Məclisi nümayəndələrinin və fəal uşaqların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə insan alveri mövzusunda onlayn təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 aprel 2024-cü il tarixində Uşaq Səfirlər Məclisinin üzvləri, həmçinin Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi regionlarından olan nümayəndə və fəalların iştirakı ilə təlim proqramı təşkil edilib. Salamlama nitqi ilə çıxış edən Dövlət Komitəsinin Ananlitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Günel Məhərrəmzadə müasir dövrün böyük narahatlıq törədən problemlərindən olan insan alveri və ona qarşı aparılan mübarizə barədə məlumat verib. Əlavə edib ki, bununla bağlı ölkəmizdə hüquqi-normativ baza müəyyən edilib. O, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildiyini diqqətə çatdırıb.  Uşaqların həyata keçirilən maarifləndirmə prosesinə, həmçinin öz həmyaşıdları arasında təbliğat işlərinə cəlb edilməsinin müsbət nəticələrindən bəhs edən G.Məhərrəmzadə bildirib ki, bu məqsədlə mütəmadi olaraq həm Məclisin üzvləri, həm də regionlar üzrə nümayəndələrin təlimçi kimi formalaşdırılması üçün tədbirlər həyata keçirilir. Daha sonra ekspert qismində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis pokovnik-leytenantı İbrahim Əhmədov çıxış edərək, idarənin yaranması və fəaliyyəti haqqında məlumat verib. O, “insan alveri” anlayışının mahiyyətini açaraq bu cinayət növündə cinayətkar tərəfindən zor tətbiqi, zərərçəkmiş şəxsə imtiyazlar vədi və dələduzluq vasitəsilə təsir imkanlarından istifadə etməklə qarşı tərəfin istismar olunmasından bəhs edildiyini bildirib. Tədbirdə insan alverinin müxtəlif formalarından: cinsi istismar, köləlik, məcburi əmək, insan orqanlarının alveri və s. haqqında söz açılıb, insanların bu kimi hallarla rastlaşdıqda aldanmamaları üçün istifadə ediləcək metod və vasitələrdən danışılıb. Qeyd olunub ki, bu kimi hadisələrlə üzləşdikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 150 qaynar xəttinə müraciət edilməlidir. Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli Uşaq Səfirlər Məclisi nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi, təlimçi kimi bilik və bacarıqlarının artırılması məqsədilə uşaqlara bu kimi təlimlərin davamlı olması üçün təmsil etdikləri rayon və məktəblərdə öz həmyaşıdlarına da keçmələrini tövsiyə edib. 100-ə yaxın uşağın iştirak etdiyi təlimin sonunda İ.Əhmədov tərəfindən suallar cavablandırılıb.   

Ətraflı
Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə mövzusunda təlim keçirilib

Dövlət Komitəsi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planın müvafiq bəndinə əsasən 25 aprel tarixində onlayn təlim keçirilib. İşçilər arasında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə baş tutan təlimdə Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak edib. Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə mövzusunda keçirilən təlimdə korrupsiyanın növləri, mübarizə metodları və korrupsiyaya qarşı mübarizə üzrə mövcüd qanunvericilik ilə bağlı ətraflı məlumat verilib.

Ətraflı
Zəngilan rayonunun Ağalı kəndində valideynlər üçün görüş təşkil olunub

Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində Zəngilan rayonunun Ağalı kəndində valideynlər üçün görüş təşkil olunub.  Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, atalıq məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.  Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Ailə bir ağacdır” sosial çarxı nümayiş olunub

Ətraflı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin veb-səhifəsi yeni - www.family.gov.az domeni və müasir dizaynla istifadəyə verilib

Saytın yeni versiyasında Komitənin fəaliyyəti haqqında məlumatları, eyni zamanda maarifləndirici materialları əhatə edən bölmələr təkmilləşdirilib və bir sıra yeni bölmələr əlavə edilib. Hazırda saytda “Layihələr”, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, “Ailəm könüllüləri” bölmələri, eləcə də Uşaq Səfirlər Məclisi saytına, Erkən Uşaqlıqda İnkişaf və gender portallarına keçidlər mövcuddur. Qeyd edək ki, yenilənmiş saytda özündə faydalı ekspert məsləhətlərini cəmləyən elektron jurnal da fəaliyyət göstərir. Daha bir yenilik ondan ibarətdir ki, saytın mobil versiyasında Komitənin (012) 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə birbaşa zəng etmək mümkündür. Ümid edirik ki, yeni və müasir veb-səhifənin yaradılması Komitənin fəaliyyətinin daha effektiv işıqlandırılmasını, informasiya açıqlığını və əlçatanlığını təmin edəcək. Sayta əlavə olunmasını istədiyiniz məlumatlar varsa, təklif və tövsiyələrinizi dinləməyə hazırıq.  

Ətraflı
Regionlarda aktiv məşğulluq tədbirləri keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti dövlət qurumları, müəssisə və təşkilatların dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi, insan alverindən zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan şəxslərin yeni peşələrə yiyələnməsi məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilib, inteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdlərinə sosial-psixoloji xidmətlər göstərilib. Mərkəzlərdə və təhsil müəssisələrində keçirilmiş tədbirlərdə UADM-lər və müvafiq qurumların nümayəndələri, mərkəzlərin benefisiarları, müəllimlər, yeniyetmə və gənclər, tələbələr, işaxtaran və işsiz şəxslər iştirak ediblər. Tədbirlərdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik probleminin həlli istiqamətində ölkəmizdə görülən işlərdən danışılıb. Ekspertlər tərəfindən peşə təhsili, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar, ödənişli və ödənişsiz peşə kursları, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, iş müsahibəsi zamanı özünütəqdimetmə bacarıqları barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran sualları cavablandırılıb. 

Ətraflı
Uşaq Səfirlər Məclisinin nümayəndələri dünyanın ən böyük robot festivalı olan “Robotex Türkiyə”nin qalibi olub

Uşaq Səfirlər Məclisinin nümayəndələri 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Məryəm Hacıyeva, Məclisin məktəb nümayəndəsi Zahid İbrahimli və “Uşaq Səfirlər Məktəbi” təcrübə proqramının könüllüsü Nahid İbrahimlinin iştirak etdiyi 5 nəfərlik komanda (VerseTech komandası) “WATER RALLY” kateqoriyası üzrə I yerə layiq görülüb.  Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar. Bu böyük qələbə münasibətilə Uşaq Səfirlər Məclisinin nümayəndələrini təbrik edirik!

Ətraflı
Ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edilir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçiriləcək müsabiqəyə sənəd qəbulu elan edir.  Müsabiqədə iştirak etmək istəyən ekspert təşkilatları tələb olunan sənədləri 03.06.2024-cü il tarixinə qədər  Dövlət Komitəsinə təqdim etməlidirlər. Ətraflı məlumat üçün keçidlər : 1) Müsabiqə haqqında  2) Müsabiqə proqramı  3) 1 nömrəli əlavə- İxtisas attestatının verilməsinə dair ərizə forması 4) “Uşaqların zərərli informasiyadan qorunması haqqında Qanunvericilik”

Ətraflı