Masallı rayonunda “Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş tədbir keçirilib

1 oktyabr 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində 1 oktyabr 2015-ci il tarixində Masallı RİH-i ilə birgə Masallı rayon Gənclər Mərkəzində 1 oktyabr “Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirin 1-ci hissəsində Masallı rayonunun müxtəlif kəndlərində yaşayan ahıllar Musayeva Cəmilə Əli qizi, Abbasova Qalina Nikolayevna və Bağırova Ayna İsgəndər qızı Komitə və İH-nin nümayəndələri tərəfindən evlərində ziyarət olunub, onların problemləri və istəkləri dinlənilib.

Daha sonra Masallı rayon Gənclər Mərkəzində davam etdirilən tədbir “Azərbaycan Ailəsi” film festivalının iştirakçısı olmuş “Saat” filminin nümayişi ilə başlayıb. Cəmiyyət üzvləri arasında Azərbaycan ailəsinə xas dəyərlərin təbliği, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət kimi ənənələrin davam etdirilməsi məqsədilə keçirilən tədbiri giriş sözü ilə Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova açaraq bütün tədbir iştirakçılarını salamlayıb və bu gün münasibətilə bütün ahılları təbrik edib.

Daha sonra çıxış edən AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova bütün qonaqları salamlayıb, respublikamızda ahıllarla bağlı həyata keçirilən dövlət siyasətindən, ahıl insanlara olan qayğı və diqqətdən söhbət açıb, həmçinin ahılların nəsillərarası münasibətlərdə, gənc nəslin tərbiyəsində və başqa bir çox məsələlərdə iştirakından, önəmindən bəhs edib. Komitə tərəfindən bu istiqamətdə mütəmadi olaraq regionlarda həyata keçirilən “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Bizim gücümüz birliyimizdədir” adlı layihələrin gənclərin və əhalinin maraq dairəsini əhatə etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

S.Qəhrəmanova tədbirdə həmçinin Komitənin respublikamızda həyata keçirdiyi uğurlu ailə, qadın və uşaq siyasətindən də bəhs edərək, uşaq-valideyn münasibətlərinin düzgün qurulmasının yolları, nikahdan əvvəl məcburi tibbi müayinə, sağlamlığa yönəlmiş tədbirlər haqqında məlumat verib.

Tədbirdə həmçinin digər çıxışçılar  rayonda həyata keçirilən sosial proqramlar, tədbirlər, ahıllara göstərilən qayğı və diqqət, həmçinin rayonda ailə, qadın və uşaq məsələləri istiqamətində aparılan işlər haqqında və digər müxtəlif mövzularla bağlı məlumat veriblər, çıxışlar ediblər.

Tədbirdə Masallı rayon ictimaiyyətinin və Komitənin nümayəndələri, ahıllar, məktəblilər iştirak edib, çıxışlardan sonra müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitləri paylanılıb.

Qeyd edək ki, bu tarix BMT-nin Baş Məclisinin 1992-ci il tarixli ahılların müdafiəsi ilə bağlı qətnaməsinin tətbiq olunması ilə başlayıb. Ölkəmizdə bu gün 1993-cü ildən etibarən qeyd olunur.