Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir

29 iyun 2018

Paylaş:

29 iyun 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, rayon rəhbərliyi, həmçinin rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak edib. Dövlət Komitəsinin sədri bildirib ki, bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qadın və uşaq siyasətinə xüsusi diqqət və qayğı göstərilir. Bu gün hər bir uşaq müəssisəsi öz vəzifələrini məsuliyyətlə icra etməlidir.

Məlumat üçün qeyd edək ki, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir və əsasən icmada yaşayan risk qrupuna aid ailələrin sosial yönümlü problemlərinin həllinə köməklik göstərir. Mərkəzdə aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası,  loqoped xidməti, psixoloji konsultasiya, inkişaf etdirici məşğələlər, rus-dili, ingilis-dili, kompüter və əl işləri dərnəkləri fəaliyyət göstərir. Mərkəzin hazırda fəaliyyət göstərdiyi inzibati bina 2016-2018-ci illərdə əsaslı təmir olunmuş və bütün növ lazımi ləvazimat və avadanlıqlarla təmin edilmişdir.

Açılış mərasimi zamanı qonaqlara Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti,  ailələrlə aparılan fərdi iş barədə ətraflı məlumat verilib. Onlar Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizimli uşaqlarla iş, psixoloq, loqoped xidmətləri, əl işləri, xarici dil və inkişaf etdirici məşğələlərlə əyani sürətdə tanış olacaq, uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla birgə Dövlət Proqramlarının icrası məqsədilə  Narkomaniyaya YOX deyək!, Erkən nikahlar və onun fəsadları, Reproduktiv sağlamlıq, Autizim, Uşaqların icbari dispanzerizasiyası, İnsan hüquqları mövzularında 108 maarifləndirmə tədbiri keçirmiş ki, bunlardan da 9024  nəfər bəhrələnmişdir.  2011-ci ildən Mərkəz xidmətlərindən ümumilikdə 2338 nəfər bəhrələnmişdir.