Daşkənddə “Ölkənin demokratikləşdirilməsində və modernləşdirilməsində qadınların rolu: Özbəkistanın təcrübəsi və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib

7 noyabr 2018

Paylaş:

Daşkənddə “Ölkənin demokratikləşdirilməsində və modernləşdirilməsində qadınların rolu: Özbəkistanın təcrübəsi və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib. Özbəkistan Qadınlar Komitəsinin (ÖQK) təşəbbüsü ilə keçirilən konfransa Azərbaycan, Rusiya, Belarus, İtaliya, Çexiya, Qazaxıstan, Qırğızıstan, Əfqanıstandan nümayəndələr, həmçinin 30-dan artıq beynəlxalq qadın təşkilatlarının təmsilçiləri qatılıblar.

Tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təmsil edib.

Özbəkistan Baş nazirinin müavini, ÖQK-nin sədri Tənzilə Narbaeva və BMT-nin bu ölkədəki daimi nümayəndəsi Helena Freyzer çıxışlarında qadınların dövlət idarəçiliyində, ictimai işlərdə və cəmiyyətdə rolu, onların hüquq və azadlıqlarının, maraqlarının təmin olunması istiqamətində görülən işlər haqqında məlumat veriblər.

Tədbirdə qadın zorakılığı, onların kiçik biznesə cəlb edilməsi, kişilərlə bərabər məsul vəzifələrdə çalışması, ailə büdcəsinə töhfə verməsi və digər məsələlərlə bağlı məruzələr dinlənilib.

Sədaqət Qəhrəmanova tədbirdə “Qadınların sosial hüquqlarının və azadlıqlarının təmin olunması sahəsində dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizdə bu sahədə görülən işlərdən danışan S.Qəhrəmanova deyib ki, Azərbaycan hökuməti qadınların ictimai-siyasi həyatda fəal iştirakı üçün hər cür şərait yaradıb. Son illərdə Azərbaycanda gender bərabərliyinin inkişafı üçün dövlət tərəfindən yüksək məbləğdə vəsaitin ayrıldığını vurğulayan Komitə sədrinin müavini deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası yaradılıb və uğurla fəaliyyət göstərir. Sahibkar qadınlarımız ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfələrini verirlər”.