Dövlət Komitəsinin nümayəndəsi VI Regional İnternet İdarəçilik Forumunda uşaqların internet təhlükəsizliyi istiqamətində çıxış edib

15 mart 2019

Paylaş:

Azərbaycanda ilk dəfə olaraq 11 – 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib.

Forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunub. Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. 

Regional İnternet İdarəçilik Forumunun açılışından əvvəl  nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi,  BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və digərləri kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də, beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu “Cyber Village” sərgisinə baxış keçiriblər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mart ayının 13-ü həftə çərçivəsində “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda təşkil edilən VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) iştirakçısı olub. “Uşaqlar üçün təhlükəsiz internet” mövzusundakı 4-cü sessiyada Dövlət Komitəsinin nümayəndəsi Sevil Rəsulzadə çıxış edərək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında ətraflı məlumat verərək, qanun məqsədi və bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, eyni zamanda uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində atılan mühüm addımlar, Komitə tərəfindən görülən əhəmiyyətli işlər haqqında danışaraq, iştirakçıların suallarını cavablandırıb.