Şirvan şəhərində ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

29 mart 2019

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam  edir.

5 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Şirvan şəhərində Gənclər evində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Neftçala, Salyan, Hacıqabul, Şirvan rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Şirvan şəhərində  qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.