Uşaqların Müdafiəsi Günü ilə əlaqədar “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir keçirilib

1 iyun 2019

Paylaş:

 

1 iyun 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Azərbaycan Dəmir Yolları QSC, UNİCEF və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı adlı tədbir keçirilib.

Tədbir həmçinin, Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin 30 illiyinə həsr olunub. Tədbirin təşkilində məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlara müvafiq istiqamətdə imkanlar yaratmaqdır. Bununla yanaşı, tədbir uşaqların ünsiyyətini, onlar arasında şəbəkələşməni yaratmaq, həmçinin fikir mübadiləsi apararaq uşaqları bugün narahat edən məsələləri müzakirə etmək məqsədlərini özündə birləşdirib.

Bu inteqrativ uşaq bayramında məktəblilər, həssas kateqoriyadan olan uşaqlar, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan, sağlamlıq imkanları məhdud olan və eyni zamanda aztəminatlı ailələrin uşaqlarının iştirakı da təmin edilib.

Tədbirə 1 iyun 2019-ci il tarixində “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarının Bakı şəhərindən Gəncə şəhərinə doğru yola düşməsi ilə start verilib. Bakı şəhərindən 60 uşaqla yola düşən qatar 3 müxtəlif stansiyada - Biləcəri, Yevlax və Goranboy stansiyalarında dayanmaqla digər uşaqları özünə dəstək olaraq cəlb edib və beləliklə, təbliğat qatarı Gəncə şəhərinə 100 nəfər kiçik sərnişinlərinin iştirakı ilə çatıb. Tədbirin gedişatında iştirakçıların təhlükəsizliyi Daxili İşlər Nazirliyi, sağlamlığının qorunması isə Səhiyyə Nazirliyi tərəfindən təmin olunub.

Qatarla səyahət zamanı ilk öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova və UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin uşaqlarla görüşərək onlarla tanış olub. Daha sonra Komitə əməkdaşları tərəfindən uşaq hüquqları ilə bağlı təlimlər keçirilib, qrup işləri təşkil olunub.

Tədbirin ikinci hissəsi Gəncə şəhərində davam edib. Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi dərin ehtiramla yad edilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.  Daha sonra dövlət uşaq siyasətini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov əvvəlcə uşaqları bayram münasibətilə təbrik edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu gün də müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu,  Heydər Əliyev Fondunun da əsas prioritetlərindəndir. Respublikanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqları təbrik edərək bildirib ki, müasir dövrdə uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Bu gün dünyanın bir çox yerlərində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz də öz tariximizdə bunun acı nəticələrini görürük: “Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onlardan 300 mindən çoxu uşaqlardır.  Müharibə və onun dəhşətləri,  uşaqlarda dərin psixoloji iz buraxmışdır. 1994-cü ildə  atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dördü həlak olmuş, iyirmisi isə yaralanmışdır. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır.Bu günbütün dövlətlər  uşaqlara daha yaxşı gələcək qurmaq  üçün çox vacib öhdəliklər götürürlər. Elə Dayanıqlı İnkişaf Məqsədləri də uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsini  nəzərdə tutur. Və müəyyən edilmiş 17 məqsədin hər biri bu və ya digər şəkildə uşaq hüquqları ilə əlaqəlidir”.

Komitə sədri qeyd edib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə, ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu il Konvensiyanın qəbul edilməsinin 30 ili tamam olur. Eyni zamanda, BMT-nin Uşaq Fondu ilə əməkdaşlığımızdan 26 il ötür. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülür, güclü qanunvericilik bazası mövcuddur. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab  İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilmişdir. Hicran Hüseynova Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edərək bildirib ki, Fond uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. O bildirib ki, hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir.

Komitə sədri uşaqlara müraciət edərək bildirib ki, sizin uğurlarınız, ölkəmizin  inkişafıdır. Bunun üçün ölkədə bütün imkanlar var. Bizim vəzifəmiz gənclərimizin bilik və bacarıqlarının daha da artırılması istiqamətində səylərimizi birləşdirməkdir.

 UNİCEF-in ölkə nümayəndəliyinin rəhbəri Edvard Karvardin çıxışında diqqətə çatdırıb ki, Azərbaycan bir neçə gün əvvəl Xalq Cümhuriyyətinin qurulmasının 101 illiyini qeyd etdi. Bu tarixi ilə qürur duyan ölkə kimi Azərbaycan bütün vətəndaşlar üçün sürətli və güvənli bir gələcək, sağlam böyümək, firavan yaşamaq kimi imkanlarla doludur. Hamımız bilirik ki, uğurlara nail olmaq cəmiyyətin ən gənc vətəndaşları olan – uşaq və gənclərə qoyulan sərmayədən, onlara göstərilən diqqət və qayğıdan asılıdır. Edvard Karvardin bildirib ki, bugün, Uşaqların Müdafiəsi Günündə Azərbaycan uşaqlarına verdiyimiz sözü yeniləmək fürsətimiz var: “Hər bir uşağın həyatına ən yaxşı başlanğıc vermək - onların sağlamlığı, təhsili, təhlükəsizliyi və cəmiyyətin həyatında iştirak etməyi üçün verilən vəddir. BMT Uşaq Fondu uşaqların hər bir sahədə dəstəklənməsi və hüquqlarının qorunması istiqamətində bundan sonra da dövlət qurumları ilə birgə mühüm rol oynayacaq və  bütün uşaqların dünyanın gələcəyində uğurlu rol oynaması üçün çalışan və buna dəyər verən hər kəslə fəal əməkdaşlıq çərçivəsində vacib işləri davam etdirəcəkdir.” O çıxışının sonunda qeyd edib ki, hər bir uşaq ona hörmətlə davranıldığı bir gələcəyə layiqdir, hər bir uşaq şərəfli nəsilə uzunmüddətli töhfələr vermək gücünə malikdir.

Tədbirdə ölkədə keçirilən Ümumrespublika Uşaq Forumlarının, eləcə də uşaqlarla bağlı keçirilən layihələrin fəal iştirakçıları olan uşaqların bugün uşaqlarla bağlı aktual hesab edilən ayrı-ayrı mövzular üzrə çıxış və mesajları dinlənilib.

Tədbirdə həmçinin Azərbaycanı elm, təhsil, idman, mədəniyyət, incəsənət sahələri üzrə beynəlxalq səviyyədə təmsil edən və uğur qazanmış uşaqların çıxışı və uğur formulları dinlənilib.

Tədbir zamanıAzərbaycan RespublikasıTəhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin və Gəncə İncəsənət Məktəbinin bədii kollektivinin ifasında musiqi və rəqs nümunələri nümayiş edilib.

Gəncə şəhərində tədbir yekunlaşdıqdan sonra “Sürətlə və İnamla Gələcəyə” əyləncə təbliğat qatarı Bakı şəhərinə qayıdıb.

Qeyd edək ki, tədbirin çəkilişinin təşkili "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC tərəfindən edilib.