Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir

24 avqust 2019

Paylaş:

 Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə müsahibə

- Hicran xanım,  Azərbaycan qadını öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır. Bu gün  qadınların ölkəmizin ictimai-siyasi həyatında yeri və roluna sizin nəzər-nöqteyinizdən diqqət yetirmək istərdik…

-  Bəli, həqiqətən tariximizin bütün mərhələlərində  Azərbaycan qadının adı böyük şərəflə keçir. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq   öz adını  tariximizin ayrı-ayrı səhifələriniə yazdlra bilmişdir. Hətta bəzən xarici ölkələrdən gələn tədqiqatçılar, alimlər, suyasətçilər qeyd edirlər ki, “biz Azərbaycana gələnədək elə bilirdik ki, qadınlarınız hüququnu bilməyən, zəif və passivdirlər, lakin səfər zamanı tam əksini görürük, bunun səbəbi nədir?” Əlbəttə ki, biz cavab veririrk ki, bu bizim məxsus olduğumuz mədəniyyətdir, dəyərdir, etik kodeksidir.

Elə buna görə də, cəmiyyətin inkişafının bütün dövrlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə (1918-cu ildə) ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb (1901-ci ildə) 118 il bundan qabaq Bakıda yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini  maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və  ənənələri də nəzərə almaqla davam etdirir. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun  mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.

Bu qadınlar  bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır.  Onlardan bir neçəsinin adlarını qeyd etmək olar. Məsələn, İlk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk  dramaturq Səkinə Axundzadə.  Ağabacı  Rzayeva  həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı xanımlar Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə gəliblər. Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet  sahəsində ilk qaranquş olan Qəmər Almaszadə, ilk peşəkar  rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraşı Zivər Məmmədova, ilk həkim-ginekoloq  Ədilə Şaxtaxtinskaya.  İlk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik -  İzzət Orucova.  İlk qadın akademik –  Validə Tutayuq  biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza  atıb. Məhz akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin də qadın akademiki olub. Azərbaycanın ilk qadın akademiki seçilən bu xanım sonradan bir çox ilklərə imza atıb. Ən əsası isə ondan sonra qadın elmi kadrlar irəli çəkilib. İlk qadın nazirimiz  xarici işlər naziri  Tahirə Tahirova olub. O,  həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis idi.  Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində  həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.   Həmin sırada  elmimizin fəxri, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. İstedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir.

Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.  Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün  fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı  bacarır. 

- Reallıqlara əsaslanaraq, bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün bir örnəkdir...

- Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan  qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir  məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına  nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mən xüsusilə Mehriban xanımın Birinci xanım institutunun yaranmasındakı rolunu qeyd etmək istərdim. Postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adı çəkmək olar. Lakin, Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da  aktiv olmağa sövq etdi. Mehrinan xanım müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdim: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...” Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.  Və əlbəttə ki, heç  təsadüfi deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini, uğurlu layihələrini nəzərə alaraq, Respublikanın Birinci Vitse-prezidenti təyin etdi.

- Mehriban xanım Əliyevanın müsahibələrinin birində söylədiyi bu fikirlərə istinad etmək istərdik:  «Həyatda hər kəsin yerini  və taleyini tarix müəyyən edir». Bu fikri tarixdə rolu olan şəxsiyyətlərin timsalında  necə şərh edərdiniz?

- O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. O, ictimai düşüncədə “bir çox sosial problemləri yalnız dövlət həll etməlidir”  kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir. Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin yaranmasına və ictimai işlərdə fəal olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq strukturları, təşkilatlar xeyriyyə işləri görür, bunu bir borc kimi qəbul edirlər.      Nə üçün  xalq  ölkənin başçısını və  Birinci vitse-prezidenti bu qədər sevir?  Çünki,  vətəndaşlar  cənab Prezidentin və Mehriban xanımın  timsalında   onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, hər bir ciddi problemə münasibət bildirməyi bacaran insanları görürlər.  Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul etməyəcək.    Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi  keyfiyyətlərdən irəli gələn əzmkar və geniş miqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” -  Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində - İnsan dayanır.

- Hicran xanım,  hər bir insanın  formalaşmasında ailənin rolu inkaredilməzdir. Mehriban xanım Əliyeva şəxsiyyətində  beynəlxalq ictimaiyyətin  rəğbətini qazanan ideal qadın obrazını şərtləndirən amillər hansılardır?

- Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Mehriban xanımım  səmimiyyəti, fədakarlığı, xalqa sevgisi öz soy-kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərərk istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə davam etdirir.  Mehriban Əliyeva ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub.

O həm də Azərbaycan tarixində əbədi qalacaq müdrik bir dövlət başçısının, ölkə birincisinin ailəsinə gəlin köçüb. Bu da qismətin işidir. Və tale onu həm də Azərbaycanın birinci xanımı edib. Prezidentin ömür-gün yoldaşı, xanımı olmaq da alın yazısıdır. Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu MƏHƏBBƏTİ qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini o öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə qazanıb...

Gözəllik, Xeyrxahlıq, Sədaqət və Analıq kimi ülvükeyfiyyətləri təcəssüm etdirənMehriban xanımı sözün əsl mənasında böyük hərflə yazılan Azərbaycan Qadının adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli nənə kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirir. Ö övladlarını Azərbaycanı ürəkdən sevən, milli-mənəvi dəyərlərbağlı əsl vətəndaş kimi tərbiyə etmişdir.  Ailə qayğıları, ictimai və siyasi fəaliyyəti bir arada və yüksək səviyyədə yerinə yetirmək büyük peşəkarlıq və səbr tələb edir. Bununla bağlı Mehriban xanım  qeyd edir ki, “Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram”.

Mən istərdim  Mehriban xanımın qadının ailədəki rolu və ailəyə münasibətini  ilə bağlı dedikləri bəzi fikirləri misal göstərim . “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir:  “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. Bu ifadələr çox sadədir, eyni zamanda böyük və dərin məna kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, biz onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli  və xeyirxah missiyanı layiqincə yerinə yetirir. Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa,  nəcibliyə, xeyirxahlığa səsləyir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.

- Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri təbii ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin irsinin təbliğidir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərini necə şərh edərdiniz?

- Mehriban xanım  Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.  Fondun qarşıya qoyduğu məqsəd demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş layihələr, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdu. Bu məqsəd Fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”.  Qeyd etmək istərdim ki, Fondun fəaliyyəti çox unikaldır. Mehriban xanımın rəhbərliyi ilə bu çox kiçik, lakin bacarıqlı, yaradıcı insanlardan ibarət  kollektivlə bəzən bir neçə  dövlət qurumların işini yerinə yetirir.  Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi bu 15 ildə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərli olmuşdur.  Elə, ölkə başçısı, cənab Prezident İlham Əliyev, Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”. 

Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın Fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, Ulu Öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin ən doğru yoludur.  Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.

- Təbii ki, dünyaya çıxış öncə ölkə daxilində görülən işlərdən, əldə olunan uğurlardan başlanır.  Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri inkaredilməzdir...

- Bilirsiniz, Müasir dünyanın öz tələbləri var. Qloballaşma şəraitinin tələblərindən biri də, hər bir millət, dövlət özünün varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni - kütləvi, ictimai, sosial layihələr keçirirlər. Azərbaycanın müharibə  vəziyyətdə olmasına baxmayaraq, öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır.  Əlbəttə, bu proses səbr və iradə tələb edir. Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının,  milli - mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin,  yorulmadan, ancaq davamlı aparılan səylərin bu biz müsbət nəticələrini görürük. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında  əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir.

O, İSESCO və UNESCO-nun xoşməramlı səfiri kim, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və  sivilizasiyalararası dialoqun bəraqərar olması üçün bütün səylərini göstərir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir. İlk Avropa Oyunlarının yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində  Təşkilat Komitəsinin rəhbəri kimi, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır.    Baxmayaraq ki, Avropa Oyunlıarı ərəfəsində və keçirilən müddətdə bizi istəməyən bəzi qüvvələr ölkəmizin əleyhinə müəyyən təxribatlar törətdilər. Lakin biz bütün xalq ölkə Prezidenti, Birinci xanımı bir milli ideya ətrafında birləşdilər. Əlbəttə, bu xalqımızın onlara yüksək inam və etibarından irəli gəlir.

Mehriban xanımın yüksək səriştəsi, məharəti, açılış və bağlanış mərasimindəki çıxışı  bütün dünyaya nümayiş olundu. O, öz timsalında Azərbaycan qadını obrazını yaradaraq qadınlarımızın nələrə qadir olduğunu göstərdi. Bütün dünya bir daha şahid oldu ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi Azərbaycan qadını beynəlxalq səviyyəli tədbirləri təşkil etməyə və keçirməyə qadirdir. IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də bu oyunların Təşkilat Komutəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir. 

Və mən xüsusilə vurğulamaq istərdim ki,  bütün bu beynəlxalq tədbirlərdə qadın hüquqlarının müdafiəsi məsələsi daim diqqətdə saxlanılmışdır.  Fondun təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Forumun Bakıda keçirilməsi qadınların cəmiyyətin həyatındakıfəal mövqeyini bir daha təsdiq edir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun idarəçilik, siyasi və praktiki aspektləri  müzakirə  olundu, təcrübə mübadiləsi  aparıldı, eləcə də yeni təşəbbüslər irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi  Azərbaycanın nüfuzunun getdikcə gücləndiyini bir daha  sübut edir.  Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” mövzusunda VII Konfaransında Mehriban Əliyevanın proqram çıxışı cəmiyyətimizdə yüksək əks-sədaya və müzakirələrə səbəb olmuşdur. 2012-ci ildə Bakıda keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur mövzusunda Konfransda qaldırılan məsələlər, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqlar ilə bağlı geniş və əhatəli çıxışı beynəlxalq diqqətin ölkəmizə yönəldilməsinə  imkan yaratmışdır.     Bu ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın təşkil olunması, onun təşəbbüsü ilə ayrıca sessiyanın keçirilməsi, bu mövzu ətrafında fəal müzakirələrin aparılması və tövsiyələrin qəbul edilməsi  dünyada qadınların, əsasən də qızların hüquqlarının müadfiəsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir.  Mehriban xanımın əsas məqsədi  ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır.

Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Elə bu günlərdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib. Onun beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burda onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı  isə iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Eyni zamanda bir  öhdəlik və vətəndaşalra çağırış idi. Mehriban xanım  çıxışından bu fikirləri bir daha yada salma istərdim. O cənab Prezidentə minnətdarlıq edərək bildirdi  ki,  “Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq”. Bəli,  xalqımız, hər bir vətəndaşımız möhtərəm Prezidentimizin əsgəriyik və onun ətrafında sıx birləşmişik. Və bu birlik ölkəmizin inkişafının mühüm təmə daşıdır.

- Hicran xanım,  Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri xeyirxahlıq və humanistlikdir. Bu prinsiplərdən irəli gələn addımlarına bir baxış keçirməyinizi istərdik...

- Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin  hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Onun “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri  qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım   Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.”

Bilirsiniz ki, xeyriyyəçilik bizim maarifpərvər, vətənsevər ziyalılarımızın əsas fəaliyyət  prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik haqqında ən qiymətli məqamları  elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir,  onların  daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir.  Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir. “

Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara  sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin  problemlərini həmişə diqqət mərkəzində saxlayır,  ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Valideyn qayğısından və himayəsindən məhrum olmuş, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı hər bir problemə həssaslıqla yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində  profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib,şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri  üçün  mənzillər  təqdim edilmişdir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır.

Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya  sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif  mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya can sağlığı, ailə səadəti arzulayırıq.