Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib

4 oktyabr 2019

Paylaş:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Ölkəmizin AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü, həmçinin cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi hadisə kimi qiymətləndirib. Bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun yüksəlməsi ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.

Ölkəmizin AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi dövlətdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetlər sırasına daxil edib, bu sahədə bir çox qanun və qərarlar qəbul edib, beynəlxalq sənədlərə qoşulub. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri qadındır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbaycanda qadınlara seçki hüququ verilməsinin tarixindən və qadınların hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolundan danışıb. O, qadınlara seçki hüququ verilməsinin Cümhuriyyətin təsis sənədi olan İstiqlal Bəyannaməsində əksini tapmasına və bu hüququn qanunvericilikdə təsbit olunmasına dair tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri, həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakından və buna dair statistik məlumatlardan söz açıb.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov bildirib ki, Azərbaycanda insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsinə XX əsrin əvvəllərindən başlanılıb. Müsəlman dünyasında qızlar üçün ilk məktəbin açılması, “İşıq” jurnalının nəşri, mətbuatda qadın hüquqlarının qeyd edilməsi Azərbaycan cəmiyyətində qadınların aktiv iştirakını təcəssüm etdirib: "XX əsirdə insan hüquqlarının müdafiəsi sisteminin yaradılmışdır. Beynəlxalq Konvensiyaların sonradan milli qanunvericiliyə birbaşa implementasiyası nəticəsində müasir sistem təkmilləşdirilir. Azərbaycanda insan hüquqlarının müdafiəsi, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi XX əsrin əvvələrindən başlanılmışdı. Xalqın tanınmış nümayəndələri Xədicə Əlibəyova, Leyla Şaxtaxtinskaya, Həmidə Məlikova, Niqar Şıxlinskaya, Göhər Usubova-Qayıbova ölkədə ictimai və siyasi həyatının fəal iştorakçıları olub. Müsəlman dünyasında qızlar üçün birinci məktəbin açılması, İşıq jurnalının çapı, mətbuatda qadın hüquqlarının qeyd edilməsi cəmiyyətdə qadınların aktiv iştirakını təcəssüm edirdi”.

Elgün Səfərov müasir dövrdə ölkəmizdə qadınların cəmiyyətdə aparıcı qüvvə hesab edildiyini və onların sayının bələdiyyə sistemində 35 faiz, sahibkarlıqda 30 faiz, Milli Məclisdə 17 faiz təşkil etməsinə dair maraqlı faktlara toxunub: “Müasir zamanda Azərbaycan qadınları cəmiyyətdə aparıcı qüvvə hesab edilir. Qadınlar bələdiyyə sistemində 35%, sahibkarlıqda - 30%, Milli Məclisdə 17% təşkil edir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq nikahları və məişət zorakılığı sahələrində apardığı fəaliyyət müsbət nəticələr gətirir. 2008-2012-ci illərdə uşaq nikahları 3-4 min civarında dəyişirdisə, bu günlərdə 450-500 fakt civarındadır. Buna baxmayaraq, hər faktla mübarizə aparılmalıdır.”

O eyni zamanda qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və yeni texnologiyalarının tətbiqi ölkənin məqsədlərinə cevrilib. Bunun üçün ehtiyacı olan milli qanunvericilik bazası yaradılıb: “Hal-hazırda ölkədə məişət zorakılığının qarşısının alınması məqsədilə xüsusi elektron məlumat bazası və yerli icra hakimiyyəti orqanları yanında monitorinq komissiyaları fəaliyyət göstərir. Azərbaycan dövlət qadın siyasəti və gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilən nailiyyətlərlə beynəlxalq səviyyədə qiymətləndirilən yaxşı təcrübəni yaradıb və inkişaf etdirir."

Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova xatırladıb ki, BMT qadınların cəmiyyətdə rolunun artırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurla həyata keçirilməsi üçün vacib hesab edir. O, gender bərabərliyi məsələlərində DİM üzrə gənc səfir olduğunu qeyd edərək, qadınları dəstəkləyən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. A.İsmayılova gənc xanımların ölkəmizin ictimai həyatında iştirakının artdığını vurğulayıb və bu xüsusda öz nümunəsində bütün yaş qruplarından olan gənclərin iştirakı ilə həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.