Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib

15 noyabr 2019

Paylaş:

Noyabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə sağlam həyat tərzini təşviq etməkdir.
 
Konfransı giriş sözü ilə açan Komitənin sədr müavini Aynur Sofiyeva diabet xəstəliyinin insan həyatı üçün təhlükəli olduğundan və son zamanlar xəstəliyin daha çox yayıldığından danışıb. Bildirib ki, builki statistikaya görə, ölkəmizdə 250 min diabet xəstəsi var və bu xəstəliklə mübarizə məqsədilə 2016-2020 ci illər Dövlət Proqramı qəbul edilib.
 
A.Sofiyeva Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsindən danışaraq onun əhəmiyyətini vurğulayıb. O, diabet mövzusunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqət mərkəzində olduğunu bildirib. A. Sofiyeva deyib ki, Komitə tərəfindən artıq 2 ildir ki, “Ailə və diabet” mövzusunda ardıcıl layihələr həyata keçirilir, təlimlər, aksiyalar təşkil olunur. 
 
Konfransın davamında Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova "Ailə və Diabet" mövzusunda nəruzə ilə çıxış edib. O, bu xəstəliklə mübarizə yollarından, diabetlə birgə mübarizənin vacibliyindən danışıb, əhalinin bu xəstəliklə bağlı maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun “Diabetli uşaqlara xüsusi qayğı” layihəsi çərçivəsində uşaqların lazımi dərmanlarla təmin edilməsi təqdirəlayiqdir.
 
Daha sonra Həkimlərin Təkmilləşmə İnstitutunun dosenti Sədaqət Sultanova "Prediabet və Diabet" mövzusunda çıxış edib. 
 
Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, biologiya elmləri namizədi Gülşən Mirzəzadə və klinikanın Şəkərli diabet şöbəsinin müdiri Sevil Mustafayeva sürətlə artan bu xəstəliyin ciddi sosial problemlər yaratdığını, müalicə olunmazsa ölümlə nəticələnə biləcəyini diqqətə çatdırıblar. Vurğulayıblar ki, hər birimiz diabetin əlamətləri, onun fəsadlarının qarşısının alınması barədə məlumatlı və diqqətli olmalıyıq.