Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin əməkdaşı ABŞ-da təcrübə keçib

27 noyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən həyata keçirilən 6 həftəlik “Peşəkar İxtisasartırma Proqramı”nın 2019-cu il payız müsabiqəsinin qalibi olub.

Fərid Ədilov proqram çərçivəsində 15 oktyabr-23 noyabr 2019-cu il tarixlərində ABŞ-ın Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində təcrübə keçib.

Proqramın birinci həftəsində iştirakçılar üçün Corctaun Universitetinin professoru, “Qlobal Liderlər Hazırlayan Forum” Təşkilatının Prezidenti Sam Pataçiliyo tərəfindən “21-ci əsr Liderliyi” mövzusunda təlim keçirilib. Daha sonra proqram iştirakçıları ABŞ-ın müxtəlif ştatlarına təcrübə keçmək üçün göndərilib.

Fərid Ədilov ixtisasartırma proqramını Boston Şəhər İdarəsinin Səhiyyə və İnsan Xidmətləri Departamentində keçib. O, təcrübə müddətində Səhiyyə və İnsan Xidmətləri Departmentinin müxtəlif idarələrinin, o cümlədən Gənclər və Ailələrlə İş üzrə Boston Mərkəzləri, Qadınların İnkişafı İdarəsinin işləri ilə yaxından tanış olaraq orada təcrübə mübadiləsi aparmaq imkanı əldə edib, həmçinin Bostonda uşaq sığınacaqlarını ziyarət edib, uşaq və gənclərlə bağlı xidmətlər göstərən bir sıra təşkilatların fəaliyyəti ilə tanış olub.

Proqram çərçivəsində Boston Şəhər İdarəsində Gənclərin Məşvərət Şurası və Şura vasitəsilə uşaqların ictimai proseslərə cəlb edilməsi, onların iştirakı ilə yerli icmalara dəstəyi nəzərdə tutan layihələrin hazırlanması və həyata keçirilməsi təcrübəsi öyrənilib. Bununla yanaşı, qanunla münaqişədə olan, çətin həyat şəraitində yaşayan uşaqlara dəstək və onların cəmiyyətə inteqrasiyası istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının uşaq və gənclərə iş prosesinin öyrədilməsi ilə bağlı fəaliyyəti öyrənilib.

Proqramın yekun həftəsində paytaxt Vaşinqtonda 3 günlük konfrans təşkil edilib. Konfrans zamanı müxtəlif mövzulara dair sessiyalar keçirilib. Proqramın yekunlaşması münasibətilə iştirakçılar üçün ABŞ Dövlət Departamentində rəsmi qəbul təşkil edilib və onlara ixtisasartırma proqramını uğurla başa vurduqları üçün sertifikatlar verilib.