Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşü keçirildi

28 aprel 2020

Paylaş:

Aprelin 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin arasında videokonfrans formatlı onlayn görüş keçirilib.

Komitənin sədri Bahar Muradova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlər, uşaqların cəmiyyətin həyatında iştirakçılığının gücləndirilməsi ilə bağlı aparılan işlər haqqında məlumat verərək, UNİCEF-lə birgə əməkdaşlıq çərçivəsində keçirilən layihələrin bu istiqamətdə əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılmışdır və əsasən həssas, xüsusi qayğıya ehtiyacı olan, valideynlərini itirmiş, qaçqın və məcburi köçkün kateqoriyadan olan uşaqların hüquqlarının qorunması ilə bağlı müxtəlif layihələr icra edilir. Bahar Muradova yerlərdə alternartiv qayğı sisteminin formalaşdırılması, uşaq hüquqların müdafiəsi və uşaqlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi istiqamətində araşdırma və təhlillərin keçirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Covid-19 pandemiyası ilə mübarizə istiqamətində qəbul etdiyi qərarlarını vurğulayan Bahar Muradova bu tədbirlərin xüsusilə ölkəmizdə həssas təbəqədən olan ailələrə və uşaqlara sosial-iqtisadi dəstəyin göstərilməsi baxımından yeni müsbət təcrübənin formalaşdığını bildirib.

BMT-nin Uşaq Fondunun rəhbəri cənab Edvard Karvardin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin UNİCEF-lə əməkdaşlığını yüksək qiymətləndirib və bu əməkdaşlığın verdiyi müsbət nəticələri qeyd edib. UNİCEF-in ölkə nümayəndəsi Hökumətlə birgə həyata keçirilən layihələr barədə məlumat verib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında və uşaq hüquqlarının daha etibarlı təminatı istiqamətində Komitə ilə əməkdaşlığın perspektivlərini vurğulayıb. Görüş çərçivəsində Edvard Karvardin təhsil, sosial, səhiyyə və digər xidmətlərə uşaqların əlçatanlığının təmin edilməsi istiqamətdə işlərin gücləndirilməsinin və yerlərdə sosial işçilərin fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş çərçivəsində UNİCEF-in qarşıdakı illərdə də Komitə ilə əməkdaşlığının gücləndirilməsi və bu istiqamətdə gələcəkdə görüləcək işlər barədə müzakirələr aparılıb. Görüşdə Komitənin sədr müavini Aynur Sofiyeva, aparatın rəhbəri Ceyran Rəhmətullayeva, UNİCEF-in uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov və digərləri iştirak edib.