1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yekun tədbir keçirildi

2 iyun 2016

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur.

İyunun 1-də Beynəlxalq Muğam Mərkəzində millət vəkillərinin, dövlət orqanlarının, QHT-lərin nümayəndələrinin, BMT İnkişaf Proqramının (UNDP)  Rezident Nümayəndəsinin müavini xanım Nato Alxazişvilinin, şəhər və regionları təmsil edən 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri olan uşaqların iştirakı ilə “İstedadlı uşaqlar festivalı-2016” adlı tədbir keçirilib. Tədbirdən əvvəl Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib.

Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra “Azərbaycanda uşaq siyasəti” filmi nümayiş edilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan  mühüm məsələdir. “Beynəlxalq təşkilatlar tərəfindən XX əsrin 50-ci illərindən başlayaraq uşaqlara, onların hüquqlarının müdafiəsinə və problemlərinə xüsusi diqqət ayrılmışdır. Azərbaycanda uşaq  məsələlərinə dövlət  tərəfindən həmişə diqqət  yetirilir və prioritet istiqamət təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.” Ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazasının mövcudluğunu qeyd edən Komitə sədri qeyd edib ki, mütəmadi olaraq bu qanunlar və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilmişdir. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, onların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlmişdir. O, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Uşaq Strategiyasının hazırlandığını, Uşaq Məcəlləsi ilə bağlı  müəyyən işlərin görüldüyünü vurğulayıb.

Son günlər erməni təcavüzkarları tərəfindən cəbhəyanı bölgələrdə dinc əhali, yaşayış məntəqələri, o cümlədən məktəblər intensiv atəşə məruz qaldığını bildirən Hicran Hüseynova diqqətə çatdırıb ki, bunun nəticəsində həm uşaqlar, həm böyüklər ciddi fiziki və mənəvi ziyan alırlar. “Bu insanlar ölkə başçımız cənab İlham Əliyev və birinci xanımımız Mehriban Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu hamımız üçun gözəl bir nümünədir və sizlər də öz növbənizdə vətənimizi daha çox sevməli və onun gələcəyi üçün çalışmalısınız.”

Komitə sədri qeyd edib ki, biz çalışmalıyıq uşaqlar zərərli vərdişlərə, radikal və ortodoksal dini qruplara,  sosial şəbəkələrə aludə olmasınlar. “Onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bununla bağlı, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilib. Lakin bu istiqamətdə məlumatsızlığın olması maarifləndirmə işlərinə ehtiyacı daha da artırır. Bununla yanaşı, məktəbdə müəllimlər, psixoloqlar uşaqların davranışlarına, onların nizam-intizamına, dərslərə hazırlığına ciddi nəzarət etməlidirlər, problem  varsa operativ müdaxilə olunmalıdır. Bu  baxımdan maarifləndirmə işləri çox vacibdir. Əsasən də, regionlarda  daha da gücləndirilməlidir.” Sonda Komitə sədri müraciət edərək bildirib ki, biz hamımız çalışırıq ki, gənclərimiz bilikli, savadlı olsun, müasir texonologiyanı bilsinlər, yüksək mənəvi- əxlaqi dəyərlərə yiyələnsinlər ki, həm həyatda layiqli yer tutsunlar, həm də, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər.

Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova çıxışında bildirib ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. O qeyd edib ki, Azərbaycanda uşaqlara dövlət tərəfindən qayğı göstərilməsi, onların hərtərəfli şəxsiyyət kimi formalaşması Ümummili Lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Konstitusiya Məhkəməsinin sədr müavini son illər ərzində uşaqların təlim-tərbiyəsi, sağlıq məsələləri ilə bağlı atılan mütərəqqi addımlardan danışıb. Sona Salmanova Azərbaycan Respublikasının qanunvericilik bazasında uşaq hüquqlarının hansı maddələrlə təsbit edildiyini, ölkənin ratifikasiya etdiyi beynəlxalq sənədləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Ölkəmizdə uşaq siyasəti beynəlxalq hüquq normalarına əsasən reallaşdırılır.

Daha sonra BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini Nato Alxazişvili çıxış edərək Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib. O, eyni zamanda qeyd edib ki, BMT tərəfindən ötən il 17 məqsəd müəyyən edilmişdir. Bütün bu məqsədlər birbaşa uşaqlara təsir edir və BMT-ə üzv ölkələr bu məqsədlərə çatmaq üçün fəaliyyət göstərirlər. Bugünkü uşaqlar sabahın qərar verən şəxsləridir deyə bildirən Nato Alxazişvili müraciət edərək bildirib ki, biz birgə səy göstərməliyik ki, uşaqlar potensial güclərini tam şəkildə nümayiş etsinlər.

Tədbirdə uşaqların rəsm əsərlərinin nümayişi, həmçinin 2015-2016-cı illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2016” adlı qısa filmin təqdimatı baş tutub.

Tədbirdə elm-təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycan Respublikasını beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqların Komitə tərəfindən mükafatlandırılıb, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunub. Həmçinin tədbirdə Azərbaycanı ölkəmizin hüdudlarından kənarda müvəffəqiyyətlə tanıtmaqda, uşaqların yaradıcılıq imkanlarının artırılmasında, uşaq hüquqlarının təbliğində və müdafiəsində, onların sağlamlığının qorunmasında iştirakı olan təşkilatlar da mükafatlandırılıb.

Tədbir müxtəlif müsabiqələrdə uğurlar qazanmış uşaqlar, eləcə də uşaq yaradıcılıq qrupları tərəfindən konsert proqramı ilə yekunlaşıb.