İslandiyada Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) 7-ci iclası və konfrans keçirildi

31 mart 2023

Paylaş:

Martın 30-da isə İslandiyanın Təhsil və Uşaq Nazirliyinin Avropa Şurası ilə birgə təşkilatçılığı çərçivəsində “Uşaqlara investisiya-rifahın açarı” adlı konfrans keçirilib. Konfrans İslandiyanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyi dövründə baş tutub.

İclasda və konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib.

Rəhbər Komitənin 2 gün davam edən iclasında Avropa Şurasının “2022-2027-ci illər üzrə Uşaq Strategiyası”nın icrası istiqamətində müzakirələr aparılıb və sənəddə əks olunan vacib məsələlər kimi uşaqların zorakılıqdan müdafiəsi, bütün uşaqlar üçün bərabər imkanlar və sosial inteqrasiya, uşaqların keyfiyyətli psixi sağlamlıq xidmətlərinə çıxışı, bütün uşaqların internet resursları və texnologiyalardan təhlükəsiz istifadəsi, uşaq hüquqları və süni intellekt, eyni zamanda böhran və fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının qorunması  məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İclas müddətində miqrasiya prosesləri zamanı ayrı düşmüş və  müşaiət olunmayan uşaqların hüquqlarının müdafiəsi üçün effektiv tədbirlərlə bağlı Tövsiyələri əks etdirən hesabat və Ukraynada müharibədən əziyyət çəkən uşaqların vəziyyəti ilə bağlı bəyənnamə, eyni zamanda Suriyada müharibə vəziyyətindən əziyyət çəkən və zorakılığa məruz qalan uşaqların ölkələrinə repatriasiyası ilə bağlı hazırlanmış sənəd layihələri müzakirə edilib.

Müzakirələr zamanı Ceyran Rəhmətullayeva müharibə şəraitində olan uşaqların uzunmüddətli psixososial reabilitasiya xidmətlərinə cəlb olunması ilə bağlı fikirlərini bölüşərək təkliflərini səsləndirib.

İclasda tərəfdaş ölkələrə uşaq iştirakçılığı ilə bağlı 2026-cı ilədək AŞ-nın müvafiq Strategiyası çərçivəsində mili strategiyaların hazırlanması, o cümlədən adıçəkilən sənədin üzv ölkələrin ana dillərinə tərcüməsi tövsiyə olunub.

İclas çərçivəsində ilk dəfə 1998-ci ildə İslandiyada təşkil olunmuş zorakılığa (xüsusilə cinsi zorakılıq) məruz qalmış uşaqları bir çətir altında birləşdirən, sosial psixoloji və ədliyyəyə çıxış xidmətlərini özündə cəmləşdirən “Barnahuz” modeli ilə tanışlıq səfəri və komitə ekspertləri üçün adıçəkilən modellə bağlı təlim və sual-cavab sessiyası təşkil edilib. Lanzarota konvensiyasının effektiv icrası ilə bağlı ən uğurlu hesab olunan bu modelin tətbiqi üçün üzv ölkələrə çağırış edilib.

İclas 2023-2024-cü il üçün Komitəyə sədr və sədr müavini seçimi, Avropa Şurası Parlament assambleyası nümayəndələrinin, beynəlxalq təşkilatların ekspertlərinin, BMT-nin Baş Katibliyinin uşaqlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisinin təqdimatı ilə davam edib.

30 mart 2023-cü il tarixində keçirilən “Uşaqlara investisiya-rifahın açarı” mövzusu üzrə konfransda BMT-nin və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müxtəlif universitet və akademik dairələrdən olan professor və mütəxəssislər tərəfindən təqdimat və məruzələr edilib, 45 ölkədən olan Komitə üzvlərinə təlimatlar verilib.

Konfransda iştirak edən BMT-nin Baş Katibliyinin uşaqlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi həkim psixiatr Najat Maalanın İslandiyanın uşaq və  təhsil naziri Asmundur Einar ilə dialoqu xüsusi maraqla qarşılanıb.

BMT-nin rəsmisi xanım Najat Maalan uşaqlarla bağlı sosial sahəyə xeyriyyəçi yanaşma kimi deyil, gələcəyə qoyulan vacib investisiya sahəsi kimi baxılmasının əhəmiyyətini vurğulayıb: “Olduğum bütün ölkələrdə əsasən 3 əsas problemin qeyd edildiyini görürəm. Koordinasiyanın olmaması,  çatışmayan işçi sayı, büdcə və bacarıqlarım artırılması ehtiyacı. Uşaqlar hər bir ölkənin təbii sərvətidir. Onlara qoyulan investisiya ölkənin gələcəyinə, insan kapitalına qoyulan investisiyadır.”

O bildirib ki, təcrübələrin bölüşməsi ilə bağlı bir ölkənin təcrübəsini olduğu kimi digərinə tətbiq etmək uğurlu deyil. Hər bir dövlət öyrəndiklərini ölkəsinə uyğunlaşdıraraq tətbiq etməlidir.

Konfrans Nyu York Universitetinin Silvia Sosial İş məktəbinin professoru doktor Rameş Raqavan, İnsan Hüquqları və Humanitar hüquq İnstitunun rəhbəri  professor Morten Kjarum və digər islandiyalı ekspertlərin təqdimat və məruzələri, eyni zamanda islandiyanın lider potensiallı uşaqlarının dialoqu və təqdimatları ilə öz işini davam etdirib.