Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə regionlarda tədbirlər keçirilib

28 aprel 2023

Paylaş:

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə regionlarda tədbirlər keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Ağdam, Zərdab, Goranboy, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 25-27 aprel 2023-cü il tarixlərdə müxtəlif tədbirlər, dəyirmi masalar, istedadlı gənclərin, uşaq və yeniyetmələrin iştirakı ilə görüşlər keçirilib.

Tədbirlərdə çıxış edənlər akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, xalqımızın yaddaşında gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, vətənpərvər bir vətəndaş kimi qaldığını bildiriblər. Qeyd edilib ki, Zərifə xanım övladlarını zəhmətkeş, vətəninə bağlı, ailə dəyərlərini qoruyub yaşadan, eləcə də sadəlik, səmimiyyət, təvazökarlıq, xeyirxahlıq ruhunda böyütmüşdür. İnsanlara nur bəxş edən böyük alimin həyat yolu, ailəsi, fəaliyyəti nəinki bugünkü, eləcə də gələcək nəsillər üçün bir örnəkdir.

Tədbirlərdə istedadlı gənclərin təqdimatında ədəbi-musiqili kompozisiyalar nümayiş etdirilib, Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən filmə baxış keçirilib.

Tədbirlərdə, ümumilikdə 811 nəfər iştirak edib.