“Heydər Əliyev ili” çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib

5 may 2023

Paylaş:

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir.

Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin mart-may aylarında müxtəlif tədbirlər, o cümlədən elmi konfranslar, dəyirmi masalar, istedadlı gənclərin, uşaq və yeniyetmələrin iştirakı ilə maarifləndirici görüşlər, müsabiqələr, usdad dərsləri, idman yarışları keçirilib.

Aidiyyəti qurumların dəstəyi ilə keçirilən tədbirlərdə UADM-lərin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, valideynlər iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər böyük siyasətçi və dahi tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda ailə, qadın və uşaq məsələləri sahəsində dövlət siyasətinin formalaşdırılması, qadın və uşaq hüquqlarının qorunması, təbliğ olunması, qadınlara imtiyazların verilməsi, dövlət siyasətinin həyata keçirilməsində qadınların iştirakının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda Ümummilli Liderin uşaqlara olan sonsuz məhəbbəti, onlara hər zaman diqqət və qayğı ilə yanaşmasından bəhs edilib, uşaqların, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsinin vacibliyi xüsusi vurğulanıb.

Tədbirlərdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, məktəblilərin ifasında şeirlər, mahnılar səsləndirilib.

Tədbirlərdən ümumilikdə 1500 nəfərdən artıq iştirakçı faydalanıb.