15 may 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə festivalı” keçirilib

15 may 2023

Paylaş:

Azərbaycanın bütün bölgələrindən ailələrin, xüsusilə də qazi ailələrinin və qardaş Türkiyədən qonaqların iştirakı ilə baş tutan festivalın keçirilməsində məqsəd cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsidir.  

Festivaldan əvvəl ailələr Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarlarını ziyarət edib, üzərinə tər güllər düzüblər.

Qonaqlar, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və görməkli oftalmoloq alim Zərifə Əliyevanın məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsi ziyarət edərək, gül dəstələri düzüblər, xatirələrini dərin ehtiramla yad ediblər.

Daha sonra festival öz işinə başlayıb.

Festivalda Ümummilli lider, müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin Azərbaycan ailə dəyərlərinə verdiyi önəm, ailələrə olan diqqət və qayğısı xüsusi vurğulanaraq, onun ailələr haqqında söylədiyi dəyərli sözlər diqqətə çatdırılıb. Qeyd edilib ki, Ulu öndərin möhkəm təməllər üzərində qurulan ailəsi hər bir kəsə əvəzsiz nümunədir.

Bu gün də Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Tədbirdə Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin də iştirakına diqqət çəkilib və Türk dünyasının birliyi, həmrəyliyi və qardaşlığının vacibliyi vurğulanıb.

Çıxış edən Komitə sədri Bahar Muradova bütün ailələri salamlayıb və “Beynəlxalq Ailə Günü” münasibətilə onları təbrik edib. O qeyd edib ki, bu gün təkcə ailə bayramı deyil, milli dəyər bayramıdır, ənənə bayramıdır. Milli-mənəvi dəyərlərin bariz şəkildə özünü ortaya qoyduğu gündür.

Komitə sədri, hər zaman olduğu kimi  bu gün də Azərbaycanın qardaş ölkənin yanında olduğunu söyləyib və türk qardaşlarımızın öz övladları, ailələri ilə birgə Festivalda iştirakını yüksək qiymətləndirib. B.Muradova əlavə edib ki, ötən həftə türk dünyasının tanınmış incəsənət xadimlərinin də iştirak etdiyi, artıq ənənəyə çevrilən “Xarı bülbül” festivalı yüksək səviyyədə keçirilib və Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının açılış mərasimi keçirilib.

Azərbaycanda dövlət ailə siyasətindən söz açan sədr, qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək bir dövlət siyasəti müəyyənləşdirmişdir. Bu siyasət sayəsində yeni nəsil mənəvi mühitdə, ailə mühitində böyüyərək demokratik ənənələrə də malik olmaq imkanını qazanır. “Bu gün dövlətin, ictimai sferanın o cümlədən mədəniyyətimizin, tariximizin əldə etdiyi nəaliyyətlər bütün gəncliyimizin sərvətidir və o gələcək nəsillərə çatdırılacaqdır”- deyə o əlavə edib.

Komitə sədri, festivalın ünsiyyət qurmaq, ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin vacib olduğunu bir daha cəmiyyətə çatdırmaq, ailənin möhkəmliyinin, saflığının cəmiyyət və dövlət həyatının əsası olduğunu bir daha vurğulamaq və ailəyə daha ciddi yanaşmaq üçün bir çağrış etmək məqsədi daşıdığını qeyd edib. O, Festivalın Azərbaycanın qüruru, fəxri olan böyük şəxsiyyətlərdən biri olan Nizaminin adını daşıyan parkda qeyd olunmasının bizim milli dəyərlərimizə necə sadiq olduğumuzun bariz sübutu olduğunu vurğulayıb.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin idarə rəhbəri Hülusi Gölpınar türklərin ata yurdu olan Azərbaycana bu gözəl gündə dəvət edildiyi üçün təşəkkürünü bildirərək, qeyd edib ki, Türkiyənin zəlzələni yaşadığı o çətin günlərdə dünyanın ən böyük yardımlaşmasını, dayanışmasını gördüklərini, başda Azərbaycan və türk dövlətləri olmaqla türk qardaşların ilk gündən  etibarən  yardım edə bilmək üçün çalışdıqlarını vurğulayıb.

Millət vəkili Məlahət İbrahimqızı bütün dünyada, eləcə də ölkəmizdə önəmli olan analar gününün qeyd edildiyini vurğulayaraq, anaların ailənin sütunu olduğunu söyləyib. O, Ümummilli lider Heydər Əliyevin anadan olmasının, eləcə də Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin keçirilməsini bütün türk dünyasının yüzilliyi kimi qiymətləndirib.

M. İbrahimqızı türk xalqları üçün, xüsusilə də Azərbaycan mədəniyyətində ailə dəyərlərinin milli dəyərlər içərisində ən müqəddəsi olduğunu, ailə dəyərlərinin hər zaman uca tutulduğunu  söyləyən millət vəkili, ailə institutunun son illər qarşılaşdığı təhdidlərə diqqət çəkib, bu dəyəri qorumayan xalqların gələcəyinin olmadığını deyib.

Ölkə başçısı İlham Əliyevin ailə dəyərlərinin qorunması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini xatırladan deputat, dövlət ailə siyasətindən söz açıb. Əlavə edib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi keçirilən Beynəlxalq Ailə Günü Azərbaycanda artıq ənənəyə, el bayramına çevrilib və bu dövlət siyasətinin ən bariz nümunəsidir.

Festival “Heydər Əliyev – 100 il”, “Azəbaycan-doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün təşkil edilmiş maraqlı və maarifləndirici oyunlarla, xüsusi əyləncə proqramları ilə davam edib.

Qalib ailələrə hədiyyələr təqdim edilib.