Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Goranboyda “açıq qapı” günü keçirib

26 dekabr 2016

Paylaş:

26 dekabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda kənd icması üçün “açıq qapı” günü keçirilib.

Tədbir Heydər Əliyev Mərkəzində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Təmiz ürək” İctimai Birliyinin təmsilçiləri, Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin rayonun sərhədyanı kəndlərindən olan 60-dan çox ailənin iştirakı ilə təşkil olunub.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyublar.

Komitə sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, ailələrin, qadın və uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan maddələrlə qorunur. Azərbaycan dövləti tərəfindən əhalinin aztəminatlı hissəsinə, xüsusən imtiyazlı şəxslərə diqqət və qayğı artırılıb, onların sosial problemlərinin həlli istiqamətində bir sıra proqramlar uğurla icra olunub.

Tədbirdə çıxış edən Goranboy rayonunun sərhədyanı kəndlərinin sakinləri, şəhid ailələri və digər şəxslər Prezident İlham Əliyevə sosial problemlərinin həlli istiqamətində göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildiriblər.

Tədbir uşaqlar üçün Yeni il şənliyinin təşkili ilə davam edib.

Yekunda altmışdan çox ailəyə bayram payı, 115 uşağa isə hədiyyələr təqdim edilib.